Novruz bayramında sağlam qidalanma tövsiyələri - Video
20 Mart 2026 12:00
Novruz bayramı süfrələrinin bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngin olması hər kəsə məlumdur. Lakin bu bolluq fonunda düzgün və balanslı qidalanma prinsiplərinə riayət etmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislər bildirirlər ki, bayram günlərində həddindən artıq qida qəbulu mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər. Qarın ağrısı, həzm pozuntuları və ağırlıq hissi bu dövrdə ən çox rast gəlinən problemlər sırasındadır. Bu səbəbdən qidalanmada diqqətli olmaq vacibdir.
Balanslı qidalanma üçün hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların uyğun nisbətdə qəbul edilməsi tövsiyə olunur. Mövsümi tərəvəz salatlarının süfrədə yer alması həm toxluq hissini artırır, həm də həzmi asanlaşdırır. Həmçinin bir yemək zamanı həddindən artıq çeşid istehlakından uzaq durmaq məqsədəuyğundur.
Qidaların seçiminə gəldikdə qızardılmış yeməklər əvəzinə sobada bişmiş ət və balıq məhsullarına üstünlük verilməlidir. Salatlarda mayonez yerinə qatıq, xama və ya kefir əsaslı souslardan istifadə daha sağlam seçim hesab edilir. Xüsusilə balıq yeməklərinin tez istehlak olunması məsləhətdir.
Novruzun ayrılmaz hissəsi olan şirniyyatlar – şəkərbura, paxlava və digər təamlar yüksək kalorili olduğundan porsiyalara nəzarət edilməlidir. Xörəkdən dərhal sonra şirniyyat yemək çəki artımına səbəb yaradır. Eyni zamanda, çərəzlərin gündəlik kalori qəbulunu artırdığı nəzərə alınmalı və miqdarı məhdudlaşdırılmalıdır.
Qidalanma zamanı davranış qaydaları da mühüm rol oynayır. Yeməklərin yavaş yeyilməsi doyma siqnalının vaxtında yaranmasına kömək edir və həddindən artıq yemənin qarşısını alır. Suyun isə yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə içilməsi faydalıdır.
Bundan əlavə, bayram günlərində fiziki aktivliyi qorumaq önəmlidir. Gəzintilər və yüngül idman hərəkətləri artıq qida qəbulunun mənfi təsirlərini minimuma endirir.
Sağlam qidalar seçmək, porsiyalara nəzarət etmək və aktiv həyat tərzini davam etdirməklə Novruz bayramını həm ləzzətli, həm də sağlam keçirmək mümkündür.
Bayramınız mübarək!
Oxşar xəbərlər
AQTA nümayəndəsi EPPO-nun 76-cı sessiyasında iştirak edib
Fransanın Paris şəhərində Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Şurasının 76-cı sessiyası keçirilib. İclas çərçivəsində EPPO-nun 2026–2030-cu illər üzrə Strateji Planının icrası, növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, eləcə də təşkilatın əsas vəzifələri və fəaliyyət istiqamətləri müzakirə olunub. EPPO-ya üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi sessiyada bitki sağlamlığı sahəsində regional standartların hazırlanması və yenilənməsi, təşkilatın növbəti dövr üzrə fəaliyyət istiqamətləri və iş proqramı, büdcə və digər təşkilati məsələlər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib. Sessiyanın yekununda təşkilatın 75 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbirdə EPPO-nun regional bitki mühafizəsi və bitki sağlamlığı sahəsində üzv ölkələr arasında əməkdaşlığın inkişafına, elmi və texniki məlumat mübadiləsinə, fitosanitar tədbirlərin uyğunlaşdırılmasına və bitki sağlamlığının qorunmasına verdiyi töhfələr vurğulanıb. Şuranın iclasında Azərbaycanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.
Ev üsulu konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir - Video
Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı və düzgün saxlanma şəraitindən asılıdır. Bu tələblərə əməl edilmədikdə, xüsusilə ət, balıq, tərəvəz, göbələk və digər azturşulu məhsullarda botulizm də daxil olmaqla qida zəhərlənmələri riski yarana bilər. Konserv məhsulları alınarkən qablaşdırmanın bütövlüyünə və qapağın vəziyyətinə diqqət yetirilməlidir. Qapağı şişmiş, qablaşdırması zədələnmiş, sızma olan, həmçinin rəngində, qoxusunda və görünüşündə dəyişiklik müşahidə edilən məhsullar istehlak edilməməlidir. Məhsulun xarici görünüşünün normal olması isə onun təhlükəsizliyinə tam zəmanət vermir. Satışa təqdim olunan ev üsulu konserv məhsulları barədə hazırlanma tarixi, yararlılıq müddəti və saxlanma şəraiti kimi zəruri məlumatlar təqdim edilməlidir. Mənşəyi və saxlanma şəraiti məlum olmayan, qablaşdırılması şübhə doğuran məhsulların alınmasından çəkinmək tövsiyə olunur. Təhlükəsizliyi ilə bağlı şübhə yaranan konserv məhsullarını istehlak etməyin. Şübhəli hallarla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı Mərkəzi”nə müraciət edin. Link:
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq. Belə ki, Almaniyanın paytaxtı Berlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Kodeks Koordinasiya Komitəsinin 34-cü sessiyası keçirilib. Almaniyanın Koordinator ölkə kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu funksiyanın növbəti dövr üçün Azərbaycan tərəfindən həyata keçirməsi təklif olunub. Komitənin 52 üzvü Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Kodeks Alimentarius Komissiyasının növbəti sessiyasından etibarən Azərbaycan öz funksiyasının icrasına başlayacaq. Azərbaycanın Koordinator kimi əsas vəzifələrindən biri Avropa regionu ölkələri arasında Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, qida təhlükəsizliyi və qida məhsullarına dair beynəlxalq standartların tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsinə töhfə verməklə komitənin rəhbərliyini həyata keçirmək olacaq. Qeyd edək ki, 21-25 sentyabr tarixlərində baş tutan sessiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev iştirak ediblər. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş