Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 6-sı saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 5-dək qəbula yazıla bilərlər.
Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Elvin Vüqar oğluna məxsus “Ərzurum” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin hamar, yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. İstehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
2025-ci ilin ötən dövrü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üçün beynəlxalq əməkdaşlığın genişləndiyi, məhsuldar və perspektivli mərhələ olub. Agentlik ölkəmizin qida təhlükəsizliyi sahəsində nüfuzunun artırılması, ixrac imkanlarının genişləndirilməsi və qlobal tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. Bu müddət ərzində AQTA nümayəndələri Rusiya, Səudiyyə Ərəbistanı, Macarıstan, Çin, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə aktiv iştirak edib. Həmçinin FAO, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının seminar və konfranslarında Azərbaycan təcrübəsi uğurla təqdim olunub. Agentlik Pakistan, İran, Moldova, Macarıstan, Polşa, Səudiyyə Ərəbistanı və Çin kimi ölkələrlə əməkdaşlıq sənədləri imzalayaraq qarşılıqlı əlaqələri gücləndirib. Xüsusilə, Çin ilə fındıq və badam ixracına dair protokol Azərbaycan məhsullarının yeni və perspektivli bazarlara çıxışını təmin edən mühüm nailiyyət kimi qiymətləndirilir. Eyni zamanda, ölkəmizdən balıq məhsullarının Avropa İttifaqına ixracına razılıq əldə edilib. AQTA həm də beynəlxalq tədbirlərin təşkilində fəal rol oynayıb. Agentliyin təşəbbüsü ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqı ilə birgə Heyvan Rifahı Platformasının Rəhbər Qrupunun iclası, eləcə də “Elm fəaliyyətdədir” beynəlxalq konfransı keçirilib. Hər iki tədbir qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində bilik mübadiləsini təşviq edib və Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə ilk görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 49 nömrəli məktəb-liseydə təşkil olunub. Tədbirdə iştirak edən 300 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Səhər yeməyinin faydaları” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Məlum olduğu kimi, AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Orxan 011” MMC-nin Türkiyədən idxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb. Faktla bağlı qanunuvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu baş ağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA-nın nəzarət tədbirləri çərçivəsində “Orxan 011” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb. Ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Dədəli, Baraxum, Sabiroba, Bostancı və Palıdlı kəndlərinin sakinləri ilə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair maarifləndirici görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb. Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş