AQTA yanında İctimai Şuranın iclası keçirilib
28 Yanvar 2022 16:57
Yanvarın 27-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu sahədə həyata keçirilən tədbirlər müzakirə olunub. AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov təqdimatla çıxış edərək Şura üzvlərinə Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Tədbirdə istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər
Toni Holohan: AQTİ laboratoriyaları müasir tələblərə cavab verir
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) laboratoriyalarında istifadə olunan avadanlıqlar müasir tələblərə cavab verir”. Bu barədə COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib. “AQTİ laboratoriyaları müasir tələblərə cavab verir. İstər heyvan əti üzərində, istərsə də tərəvəzlər üzərində aparılan testlər standartlara uyğundur. Əslində bu mövzu COP gündəmini əhatə edir. Çünki toplaşdığımız bu tədbir həm də bütün canlıların, o cümlədən insan sağlamlığının qorunmasını özündə ehtiva edir”, - deyə Toni Holohan əlavə edib. İrlandiyalı mütəxəssis tədbir barəsində fikirlərini də bölüşüb: “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edirəm. Ümid edirəm burada müzakirə etdiyimiz məsələlər gələcəkdə planetimizi daha da təhlükəsiz edəcək”.
Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir”
“AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir” Bu fikirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baxış keçirərkən deyib. O, Azərbaycanda bu sahədə həyata keçirilən iş mexanizmləri və yeniliyin qlobal səviyyədə öyrədilməsi və tətbiqinin olduqca vacib olduğunu bildirib. “İki gün ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bizə öz iş mexanizmlərini geniş izah edib göstərdilər. Həqiqətən mükəmməl sistemlə öz işlərini görürlər və biz də bir çox yeni təcrübələr öyrəndik, öz təcrübələrimizi bölüşdük“ Çadia Vannu əlavə edib ki, AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir. “Hiss olunur ki, laborator analizlər peşəkar əməkşdalar tərəfindən icra olunur. Burada hər növ qida-ət, toyuq məhsulu, tərəvəzləri müasir üsullarla test etmək mümkündür”.
COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı keçirilən tədbirlərin bir qrup xarici iştirakçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜHST-nin vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu, İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohana İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.