AQTA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
25 Avqust 2025 17:03
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib, təcrübə mübadiləsi aparılıb.
Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər dinamik şəkildə inkişaf edir, qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Görüş zamanı ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin olunması istiqamətində görülən işlər, mövcud qanunvericiliyin və texniki normativ hüquqi aktların tətbiqi təcrübəsi nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Daha sonra qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda nəzarət tədbirləri, yoxlama prosedurları, HACCP sisteminin tətbiqi üzrə əldə olunmuş təcrübə müzakirə edilib.
Görüşdə idxal-ixraca dair tələblər, yeni növ məhsulların, bioloji aktiv qida əlavələrinin, pestisidlərin, baytarlıq preparatlarının və yem əlavələrinin qeydiyyatı məsələləri, eləcə də “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) iş prinsipləri ilə bağlı təqdimatlar edilib. Bununla yanaşı, ictimaiyyətlə ünsiyyətin qurulması, media vasitələrindən səmərəli istifadə və kommunikasiya materiallarının hazırlanması mövzuları da diqqət mərkəzində olub.
Görüşün yekununda iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub. Nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə də tanış olacaq.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş