AQTA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
25 Avqust 2025 17:03
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib, təcrübə mübadiləsi aparılıb.
Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər dinamik şəkildə inkişaf edir, qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Görüş zamanı ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin olunması istiqamətində görülən işlər, mövcud qanunvericiliyin və texniki normativ hüquqi aktların tətbiqi təcrübəsi nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Daha sonra qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda nəzarət tədbirləri, yoxlama prosedurları, HACCP sisteminin tətbiqi üzrə əldə olunmuş təcrübə müzakirə edilib.
Görüşdə idxal-ixraca dair tələblər, yeni növ məhsulların, bioloji aktiv qida əlavələrinin, pestisidlərin, baytarlıq preparatlarının və yem əlavələrinin qeydiyyatı məsələləri, eləcə də “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) iş prinsipləri ilə bağlı təqdimatlar edilib. Bununla yanaşı, ictimaiyyətlə ünsiyyətin qurulması, media vasitələrindən səmərəli istifadə və kommunikasiya materiallarının hazırlanması mövzuları da diqqət mərkəzində olub.
Görüşün yekununda iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub. Nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə də tanış olacaq.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş