AQTA sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və ixtisaslaşmış qurumlarının rəhbərləri ilə görüşüb
14 May 2024 18:08
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb. Görüşdə həmçinin BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Hande Harmancı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəsi Nasar Hayat iştirak ediblər.
Görüşdə AQTA sədri son illər ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planı və icrası ilə bağlı qonaqları məlumatlandırıb.
Görüş zamanı Azərbaycanda COP29-un təşkili sahəsində əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi tələblərinin əldə olunmasına dəstək, keytrinq və mehmanxanalara dair qida təhlükəsizliyi tələbləri ilə bağlı birgə təlimlərin keçirilməsi, ictimai iaşə obyektləri üçün birgə çap materiallarının hazırlanması və paylanması, “Vahid Sağlamlıq” sessiyasının təşkil edilməsi, FAO-nun dəstəyi ilə cari ilin iyul ayının birinci yarısında COP tədbirinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə COP27-yə ev sahibliyi etmiş Misir Ərəb Respublikasına təcrübə səfərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda “Vahid Sağlamlığ”ın təmin edilməsi üzrə qurumlararası icra mexanizminin səmərəli və koordinasiyalı tətbiqi üçün fəaliyyət planının hazırlanması, beynəlxalq ekspertlərin cəlb edilməsi və təlimlərin keçirilməsi, antimikrob rezistentliyi üzrə birgə əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə mövzusu olub.
Tədbirdə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr nəzərdən keçirilib.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş