AQTA biotəhlükəsizliyi təmin etmək məqsədilə bitkiçilik təsərrüfatlarında monitorinqləri davam etdirir
19 Mart 2024 15:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində biotəhlükəsizliyi təmin etmək üçün yayılma ehtimalı olan, xüsusilə də karantin tətbiq edilən zərərli orqanizmləri erkən aşkarlamaq və operativ nəzarəti həyata keçirmək məqsədilə mütəmadi olaraq bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlər aparır. Monitorinqləri sistemli təşkil etmək məqsədilə “Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın 6 saylı Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartının tələblərinə uyğun olaraq, Agentlik tərəfindən öncədən illik Milli Monitorinq Planı hazırlanır.
Plana uyğun olaraq aparılan monitorinqlər zamanı karantin tətbiq edilən zərərli orqanizmləri aşkarlamaq və onların yayılma sərhədlərini müəyyənləşdirməkdən ötrü vizual üsulla yanaşı, feromon tələlərdən də istifadə olunur. Həmin tələlər cinsi və aqreqasiya tipli olmaqla, Asiya giləmeyvə drozofilası, Aralıq dənizi meyvə milçəyi, şərq meyvəyeyəni, pomidor lağımlayıcı güvəsi, qəhvəyi mərmər bağacığı, qərb çiçək tripsi və digər karantin tətbiq edilən zərərvericilərin monitorinqi məqsədilə tətbiq olunur. Həmçinin monitorinqlərdə bitkinin vegetasiyası, zərərli orqanizmin biologiyası və abiotik amillər nəzərə alınır. Nümunələr hər bir zərərli orqanizm üzrə müvafiq protokollara uyğun olaraq, simptomlu və simptomsuz bitkilərdən götürülür. Götürülmüş nümunələr AQTA-nın tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında müayinələrə cəlb edilir.
Qeyd edək ki, monitorinqlər əsasən ixrac potensiallı xurma, nar, üzüm, eləcə də sitrus, qərzəkli və tumlu-çəyirdəkli meyvə bağlarını və tərəvəzçilik təsərrüfatlarını əhatə etsə də, ölkənin ümumi fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi və biotəhlükəsizliyin təmin olunması məqsədilə park və yaşıllıqlarda da həyata keçirilir.
Onu da bildirək ki, hazırda dünyada insan, heyvan və bitki sağlamlığı, eləcə də ətraf mühit üçün təhdid törədən müvafiq risklərin idarə edilməsi üçün vahid yanaşma olan biotəhlükəsizliklə bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir. Ölkəmizdə biotəhlükəsizliyin təmin olunması istiqamətində aparılmış islahatlardan ən önəmlisi özündə qida təhlükəsizliyini, bitki və heyvan sağlamlığını təmin edən laboratoriya şəbəkəsinin mövcud olmasıdır.
Oxşar xəbərlər
Şəkidə qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonunun İnçə və Zunud kəndlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllim kollektivləri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə kənd təsərrüfatına və ətraf mühitə ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qış dövrü qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirlərinin aparılması üçün ən əlverişli mərhələ hesab olunur. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici kitabçalar paylanılıb.
Pestisid və gübrələrin dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib. Görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir. Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.
Ağdamda bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən, Qurbanov Rüfət Nazim oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş