AQTA-da qida sahəsində nəzarət sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı kollegiya iclası keçirilib
28 Mart 2022 20:07
2022-ci il martın 28-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin növbəti kollegiya iclası keçirilib. İclasda ölkəmizdə həyata keçirilən qida təhlükəsizliyi sisteminin yeni çağırış və müasir tələblərə uyğun daha səmərəli təşkili, həmçinin nəzarət sisteminin təkmilləşdirilməsi və bu tədbirlərin daha çox tənzimləyici rola malik olmasının təmin edilməsi, bu sahədə şəffaflığın və effektivliyin artırılmasına dair bir sıra məsələlər müzakirə olunub.
İclasda ötən dövr ərzində qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri müzakirə olunub, eyni zamanda bugünədək aparılmış araşdırmaların nəticələri təhlil edilərək müvafiq inzibati tədbirlərin görülməsi barədə qərar qəbul edilib. İclasda inzibatçılıqda yeni prinsiplərin tətbiq edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması üçün kadr islahatlarının aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, kadrların bilik və bacarıqlarının yeni çağırışlara uyğun qiymətləndirilməsi işlərinin mütəmadi aparılması, kadr potensialının gücləndirilməsi üçün təlimlərin təşkil edilməsinə dair qərar qəbul edilib.
İclasda AQTİ laboratoriyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə daxili nəzarət və idarəetmə sisteminin və laborator sınaqların aparılması ilə bağlı icra müddətlərinin təkmilləşdirilməsi istiqamətində işlərin icrası qərara alınıb.
Qeyd edək ki, Kollegiya iclasında qəbul edilən qərarlardan irəli gələrək, AQTA sədrinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Belə ki, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Zamiq oğlu Əliyev vəzifəsindən azad olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun "Analitik Ekspertiza Mərkəzi" departamentinin müdiri Fərid İsgəndər oğlu Əliyev Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Natiq qızı Yusifzadə isə Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. Müvafiq əmrə əsasən Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdir müavini Nərminə Nəcəf qızı Şabanovaya həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri Hüseyn Abdulla oğlu Abdullazadə isə vəzifəsindən azad edilərək həmin bölmənin İdxal və ixraca nəzarət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş