AQTA əməkdaşları Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlayıb
9 İyun 2020 16:46










Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonu, Qarabağ küçəsi 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqi Namik Məmməd oğluna məxsus olan “Gogi” əmtəə nişanlı alkoqolsuz içki istehsal edən sexdə reyd keçirilib.
Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Bundan əlavə sexdə istifadə edilən xammalların mənşəyi və keyfiyyəti barədə təsdiqedici sənədlərin olmadığı müəyyən edilib. Alkoqolsuz içkilərin saxlama müddəti 30 gün olduğu halda, məhsulun üzərində 180 gün qeyd olunduğu, texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi, bütün prosesin eyni sahədə həyata keçirildiyi aşkarlanıb. Həmçinin müəssisədə vaxtaşırı dezinfeksiya işlərinin aparılması məqsədilə müvafiq səlahiyyətli qurumla bağlanmış müqavilənin olmadığı müəyyən edilib.
Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

İdxal olunan nektarin tinglərində uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.

Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.
