AQTA əməkdaşları koronavirusun profilaktikası çərçivəsində daha 318 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
23 İyun 2020 14:45
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 22 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 97 ictimai iaşə obyekti, 221 ərzaq satışı mağazası olmaqla ümumilikdə 318 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 186-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Xətai rayonunda “Ailəvi” market
Yasamal rayonunda “Grandmart” market
Səbail rayonunda “Spar” market
Qaradağ rayonunda “Cənub” market
Digər rayon və şəhərlər üzrə:
Abşeron rayonu, Masazır qəsəbəsində “Şərq” market
Bərdə rayonunda “Təbriz” market ,“Veysəloğlu” market, Əzizov Ceyhun İsmayıl oğlu və Məmmədyarov Tofiq İsfəndiyar oğluna məxsus kafelər
Gəncə şəhərində “İlkin” market, “Qold” market, “Al market”, “Şan” market, “Uğur” market, “Əminə” market, “D.A.A.F” market və Abdullayev Pərviz Təvəkkül oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda Xəlilov Namiq Gülağa oğluna məxsus kafe, Aslanov Etibar Həsənağa oğlu, Qurbanov Tarıverdi Ağacan oğlu, Ələsgərov Nurlan Sahib oğluna məxsus ərzaq mağazaları
Qəbələ rayonunda “Yeni Həyat” market, Mikayılov Adil Nadir oğluna və Həmidov Tacəddin Siracəddin oğluna məxsus ərzaq mağazaları
Şəki şəhərində Hüseynov Habil Hüseyn oğluna və Musayev Sərdar Vəliyəddin oğluna məxsus kafelər
Qax rayonunda Hacıyev Vüqar Fəxrəddin oğluna məxsus kafe
Balakən rayonunda Nurəddinov Abduzahir Nurullah oğluna məxsus ət satışı mağazası
Tovuz rayonunda “Qafqaz” restoranı
Lənkəran rayonu, Vilvan kəndində “Şənay” market, “Limon” kafe, Girdəni kəndində “Dəmirağac” market
Kürdəmir rayonunda Quliyev Cəbrayıl Natiq oğluna, Bayramov Elnur Əziz oğluna məxsus yeməkxanalar
Göyçay rayonunda Şirinli Əli Şahin oğlu, Səmədov İlham Möhlət oğlu, Hacıməmmədov Eldəniz Səmid oğlu, Süleymanov Elşən Paşa oğluna məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda Abdullayev Rəşad Nəriman oğlu, Comərdov Həbib Mansur oğlu, Cəfərli Nazim Süphan oğluna məxsus ət satışı mağazaları və Əsədov Fərid Azad oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş