AQTA idxalı və istehsalı qadağan olunan təsiredici maddələrlə bağlı sahibkarlara xəbərdarlıq edib
14 Fevral 2023 16:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində tətbiqi qadağan olunmuş təsiredici maddələrin siyahısına 47 əlavənin edilməsinə dair 2022-ci ilin dekabr ayında qəbul olunmuş qərardan irəli gələn məsələlərlə bağlı sahibkarlara xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilib ki, müvafiq qərarla təsdiq olunmuş və 29.12.2022-ci il tarixində ictimaiyyətə açıqlanmış siyahıda göstərilən təsiredici maddələrdən hazırlanmış preparatların 2023-cü il fevralın 1-dən istehsalı və idxalı dayandırılıb. 2024-cü il yanvarın 1-dən isə həmin preparatların ölkə ərazisində tətbiqi qadağan ediləcək.
Həmçinin AQTA tərəfindən qəbul olunmuş qərarla bağlı məktub göndərilən Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasından, eləcə də həmin təsiredici maddə tərkibli preparatların anbar qalıqları mövcud olan sahibkarlardan 2023-cü ilin əkin mövsümü ərzində qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların anbar qalıqlarının satışının təşkili və istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi bildirilib. Eyni zamanda bildirilib ki, 2024-cü il yanvarın 1-dək istifadə olunmamış preparatlarla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2021-ci ildə AQTA-nın qərarı ilə 191 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan olunub. Eyni zamanda Agentlik tərəfindən bu istiqamətdə aparılan araşdırmalar davam etdirilib. Nəticədə 2022-ci ildə müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa İttifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə, siyahıya yeni 47 adda təhlükəli təsiredici maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Bu məsələ müvafiq qaydada Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.
"Azərbaycan Respublikasında tətbiqi qadağan edilmiş təsiredici maddələrin Siyahısı"na əlavə olunan və 29.12.2022-ci il tarixində ictimaiyyətə açıqlanmış 47 adda təsiredici maddə ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:
1. 1,3-Dichloropropene
2. 1,7-Dioxaspiro-[5.5]-undecane
3. Amitraz
4. Atrazine
5. Benomyl
6. Beta-cypermethrin
7. Brodifacoum
8. Bromophos-ethyl
9. Carbaryl
10. Carbendazim
11. Carbosulfan
12. Chlorfenapyr
13. Chlorpyrifos (ethyl)
14. Chlorpyrifos-methyl
15. Coumachlor
16. Cyclanilide
17. Cyhexatin
18. Cyfluthrin
19. Diazinon
20. Dichlorvos (DDVP)
21. Diniconazole-M
22. Diquat
23. DNOC
24. EPN
25. Fenpropathrin
26. Flusilazole
27. Glufosinate
28. Haloxyfop
29. Hexaconazole
30. lmibenconazole
31. lprodione
32. Linuron
33. Maneb
34. Metolachlor
35. Novaluron
36. Plant extracts (Red oak, Prickly pear cactus, Fragrant sumac, Red mangrove)
37. Propargite
38. Propineb
39. Pymetrozine
40. Short-chain chlorinated paraffins (SCCPs)
41. Tetramethrin
42. Terbutryn
43. Thiodicarb
44. Triadimefon
45. Triasulfuron
46. Trimedlure
47. Trifloxysulfuron
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiyası işləri yekunlaşıb. Bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib. “E-Fito” - elektron fitosanitar sertifikat mübadiləsidir. Bu innovativ həll Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən hazırlanmış elektron platformadır. Bu sistem fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir. Hazırda dünyada 110-dan artıq ölkə bu sistemə qoşulub. Ölkəmizə bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr sözügedən sistemə qoşulublar. Bu sistemin tətbiqi bir sıra üstünlüklər yaradır. * Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehdiyacını aradan qaldırır. * Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir. * Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır. * Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır. Bu sistem, inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır. Çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir. Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə məlumatlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.