AQTA-nın istehlak üçün yararsız şokolad məhsulunun geri çağırılması ilə bağlı məlumatı
1 Aprel 2023 15:22
Avropa İttifaqının “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndən (RASFF) daxil olmuş məlumata əsasən İspaniya Krallığından Belçika Krallığına ixrac edilmiş badam məhsulunda Aflatoksin B1 və total aflatoksin miqdarının yolverilən həddən yüksək olması qeydə alınmışdır. Məlumatda Belçika Krallığında fəaliyyət göstərən “Kim's Chocolates NV” şirkəti tərəfindən həmin məhsulun xammal olaraq istifadə edildiyi və məhsulun partiya nömrəsi öz əksini tapmışdır.
Aparılmış araşdırmalar nəticəsində qeyd olunan badam məhsulunun ölkəmizə idxal olunmadığı, lakin xammal olaraq istifadə edildiyi şokolad məhsulu partiyasının (180 kq) 2023-cü il 10 yanvar tarixində ölkəyə idxal olunduğu müəyyənləşdirilib. Bununla bağlı olaraq, Agentlik tərəfindən dərhal zəruri tədbirlərin həyata keçirilməsinə başlanmış, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələbinə əsasən, “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı (istehsal və son istifadə tarixləri 29.10.2022 - 29.01.2024 olan şokolad məhsulu) həmin partiya məhsulun anbardan, bazardan, digər satış obyektlərindən və istehlakçılardan geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
Belə ki, Agentliyin müfəttişləri tərəfindən aparılan araşdırma zamanı sözügedən partiya məhsulun bir hissəsinin (99.6 kq) anbarda saxlanıldığı, qalan 80.4 kq məhsulun isə satış şəbəkəsinə verildiyi müəyyən olunub. Məhsulun satışının dayandırılması və 80.4 kq məhsulun ticarət obyektlərindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Agentlik istehsal və son istifadə tarixləri qeyd olunan dövrü əhatə edən “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı şokolad məhsulunun alışını həyata keçirmiş pərakəndə satış subyektlərini məhsulun dərhal geri qaytarılmasını təmin etməyə, istehlakçıları isə bu məhsulu aşkar etdikdə bu barədə Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməyə çağırır.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.