AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib
29 Mart 2023 19:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2023-cü ilin müvafiq dövrü ərzində idxal olunan bitkiçilik məhsullarında aşkar olunmuş uyğunsuzluqlarla bağlı Agentlik tərəfindən idxalçı ölkələrə rəsmi qaydada 236 bildiriş göndərilmişdir. Aşkar olunmuş uyğunsuzluqlardan 130-u İran İslam Respublikası, 45-i Belarus Respublikası, 44-ü Rusiya Federasiyası, 10-u Türkiyə Respublikası, 2-si Gürcüstan Respublikası, 2-si Ukrayna Respublikası, 1-i İspaniya Krallığı, 1-i Niderland Krallığı, 1-i isə Pakistan İslam Respublikasının payına düşür.
Mövcud vəziyyətlə əlaqədar AQTA tərəfindən ölkəmizə idxal olunan bitkiçilik məhsulları üzərində nəzarət tədbirləri daha da gücləndirilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilməkdədir.
Bildirilir ki, son vaxtlar Belarus Respublikasından ölkəmizə idxal olunan ərzaqlıq kartof məhsullarından təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında 45 halda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə və kartof gövdə nematodu aşkar edilib. Bu barədə Belarus Respublikasının müvafiq qurumlarına rəsmi qaydada bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib. Həmçinin, İran İslam Respublikasından idxal edilən portağal, kivi, sarımsaq, ərzaqlıq kartof, naringi, bibər məhsulu partiyalarında ümumilikdə 130 halda (onlardan 62-si təkcə portağal məhsulunda) karantin tətbiq edilən zərərli orqanizmlər - sitrus tristeza virusu, qonur qırışıqlıq virusu, tut qalxanlı yastıcası, gövdə nematodu, kartofun qonur çürüməsi, kartofun halqavari çürüməsi virusları aşkarlanıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı İran İslam Respublikasına rəsmi qaydada bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumatların verilməsi bildirilib.
Agentlik bitkiçilik məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, bu sahədə ölkəmizin idxal tələblərini və beynəlxalq ticarət tələblərini nəzərə alaraq fəaliyyətlərini həyata keçirməlidirlər.
AQTA bəyan edir ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri bu məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik ölkəmizə karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş bitkiçilik məhsullarının idxalını təkrar-təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri bu məhsullarla təmin edən xarici şirkətlərə xəbərdarlıq edərək bildirir ki, bu kimi hallar təkrarən aşkar olunduğu təqdirdə həmin ölkələrdən bu məhsulların idxalına məhdudiyyət tətbiq ediləcək və qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş