AQTA qəhvəyi mərmər zərərverici ilə bağlı çağırış edib
13 Dekabr 2022 15:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər zərərvericisinin ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə əhaliyə çağırış edib.
Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər zərərvericisi Zaqatala, Balakən, Qax, Şəki rayonlarının bəzi kəndlərində müşahidə edilməkdədir. Qərbi Gürcüstan ərazisində yayılan zərərverici ölkə iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vurub. Zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Belə ki, 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan zərərvericinin Azərbaycanda yayılma riski artıb. Bununla əlaqədar olaraq, AQTA aidiyyəti qurumlarla birgə zəruri tədbirlər həyata keçirir.
AQTA bildirir ki, payız və qış mövsümündə məskunlaşma yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər taxtabitinin gizlənə bildiyi sığınacaqlara xüsusi diqqət yetirilməlidir. Zərərverici qışlama zamanı sığınacaq axtararkən qaranlıq yerlərə üstünlük verdiyindən həmin yerlər diqqətlə yoxlanılmalıdır. Qəhvəyi mərmər zərərvericisinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqdan ötrü bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Yaşayış binalarında dolabların və mebellərin divara söykənmiş hissələrinə, yığılmış əşyaların və divardan asılmış şəkillərin arxasına, xalçaların altına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilməlidir. Zərərverici aşkar olunduqda, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericiyə qarşı mübarizə tədbirləri yaz və yay aylarında da aparılmalıdır. Həmin dövrdə əkin sahələrinin müxtəlif yerlərində, xüsusilə kənar (sərhəd) ərazilərində maksimum sayda giləmeyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt hissəsi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılmalıdır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılmalıdır.
Kimyəvi mübarizə üçün Bifenthrindən istifadə edilməsi səmərəli hesab olunur. İlk kimyəvi dərmanlama qışlamadan çıxan yetkin fərdlərə qarşı tətbiq edilir. Bu proses yalnız qəhvəyi mərmər taxtabitinin aktivliyinin ən aşağı olduğu axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin I nəsil sürfələrinin çıxdığı vaxt aparıla bilər. Dərmanlama 5-8 gün fasilə ilə 2 dəfə həyata keçirilməlidir. Zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda, dərmanlama təkrarlana bilər.
Qəhvəyi mərmər zərərverici aşkar edildikdə, təsərrüfat sahibləri və yerli əhali mübarizə tədbirlərini yalnız mütəxəssislərin tövsiyəsi ilə aparmalıdır.
Qeyd edək ki, zərərvericinin yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, ağac materialları, təzə meyvə-tərəvəz, tinglər, kəsilmiş güllər və digər vasitələrlə yayılır. Eyni zamanda qəhvəyi mərmər zərərvericisinin yetkin fərdləri təbii yolla, yəni uçaraq 35-100 kilometrədək məsafəni qət etməklə yayıla bilir.
Vətəndaşlardan diqqətli olmaq, qəhvəyi mərmər zərərvericiləri gördükdə bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək xahiş edilir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə məlumatlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.