AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib
12 May 2022 09:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistan kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, Bitki Karantini və Mühafizəsi üzrə Agentliyin rəhbəri İbrahim Erqaşev, Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi sədrinin birinci müavini Şuxrat Cabbarov və Sanitar-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Xidmətinin rəisi Baxadir Yusupaliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.
Görüşlərdə Q. Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaranan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Agentlik ölkədə qida təhlükəsizliyi, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirən AQTA fəaliyyətini Ümümdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE), Kodeks Alimentarius Komissiyası, Beynəlxalq Bitki Sağlamlığı Konvensiyası Təşkilatı (IPPC) və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr üzərində qurub. Eyni zamanda qida sahəsində idxal-ixrac məsələləri, ticarət dövriyyəsində qida təhlükəsizliyi kimi istiqamətləri diqqətdə saxlayan AQTA-nın fəaliyyət dairəsinə aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də daxildir.
Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib, xüsusən kənd təsərrüfatı məhsullarının idxal və ixracı üzrə nazirliyin işinin digər dövlət orqanları ilə əlaqəli şəkildə qurulması ilə bağlı məsələlər müzakirə olunub.
Bitki Karantini və Mühafizəsi üzrə Agentliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişlə bağlı fikir mübadiləsi aparılıb və sənədin yaxın gələcəkdə imzalanması istiqamətində razılıq əldə olunub. Bundan əlavə, tərəflər arasında birgə fəaliyyət üzrə İşçi Qrupun yaradılması, qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən laboratoriya işinin təşkili üzrə təcrübə və ekspert mübadiləsinin həyata keçirilməsi qərara alınıb. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Özbəkistanın fitosanitar laboratoriyası və informasiya sistemlərinə baxış keçirilib. Eyni zamanda AQTA-nın fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Özbəkistan nümayəndə heyəti Azərbaycana dəvət edilib.
Özbəkistanın Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi ilə baş tutan görüşdə isə gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tranzit daşınan heyvanlara müvafiq icazələrin alınması prosedurları, idxal-ixrac üzrə baytarlıq tələblərinin mübadiləsi, baytarlıq sertifikatlarının qarşılıqlı razılaşdırılması və digər istiqamətlər üzrə işin operativ şəkildə qurulması məqsədilə İşçi Qrupun yaradılması mövzuları müzakirəyə çıxarılıb. Bundan başqa, heyvan xəstəliklərinə nəzarət üzrə beynəlxalq və regional layihə prioritetləri, heyvandarlıq təsərrüfatlarında heyvan xəstəliklərinə dair aparılan nəzarət tədbirləri ilə tanışlıq, virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə heyvan sağlamlığı sahəsi üzrə təcrübə mübadiləsinin aparılması kimi istiqamətlər müzakirə predmeti olub. Eyni zamanda tərəflər epizootiya əleyhinə tədbirlərin planlaşdırılması, icrası və epizootik nəzarətin həyata keçirilməsi, baytarlıq xidmətlərinin özəlləşdirilməsi, heyvan sağlamlığının təmin olunmasında baytarlıq preparatlarından təhlükəsiz istifadə ilə bağlı da fikirlərini bölüşüblər. Bundan əlavə, Özbəkistan Respublikası Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən ali təhsil müsəssisələrində azərbaycanlı mütəxəssislərin baytarlıq sahəsi üzrə magistr pilləsində təhsil alması imkanları nəzərdən keçirilib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər istiqamətlər, xüsusən virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə təcrübə mübadiləsinin aparılması məsələləri ətrafında da fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.