AQTA və UNICEF nümayəndələri arasında görüş keçirilib
28 Dekabr 2022 16:13






Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib.
Görüşdə məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, qidalanma metodologiyasının müəyyənləşdirilməsi, uşaq evlərində yeməkxanalara dair təlimatlandırıcı sənədlərin, eləcə də qida sahəsində bir sıra normativ aktların hazırlanmasında birgə əməkdaşlıq və pilot layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində yoxlamalar və müvafiq dövlət nəzarəti tədbirləri həyata keçirilir. Bu yoxlamalar eyni zamanda qida sahəsində istehlakçıların, o cümlədən uşaqların hüquqlarının müdafiəsini də təmin edir. Həmçinin qeyd olunub ki, həyata keçirilən birgə tədbirlər zamanı qida təhlükəsizliyi sahəsində əhalinin, xüsusən böyüməkdə olan nəsillərin maarifləndirilməsi və ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi qarşıya qoyulan vəzifələrdəndir.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Uilliam Abi Abdallah əməkdaşlığı yüksək qiymətləndirərək birgə fəaliyyətin qarşıdakı illərdə də müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
