AQTİ mütəxəssisləri beynəlxalq təlimə cəlb edilib
13 Avqust 2021 14:08
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim 2021-ci il 10-12 avqust tarixlərində İslam Ölkələrinin Statistik, Sosial-İqtisadi Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC) tərəfindən Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Potensialının Gücləndirilməsi Proqramı (Agri-CaB) çərçivəsində “Qida tullantılarının azaldılması” mövzusunda keçirilib. Təlimlər Malayziya Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi ilə Malayziya Qatı Tullantıların İdarə Edilməsi və İctimai Təmizlik Korporasiyasının (SWCorp) mütəxəssisləri tərəfindən tədris olunub. Təlimdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 25 ölkənin müvafiq dövlət qurumlarından 100-dək mütəxəssis iştirak edib.
Təlim məhsul yığımı, məhsul yığımından sonrakı emal, pərakəndə satış və istehlak mərhələləri də daxil olmaqla, istehsal və təchizat zəncirlərində qida itkisi və tullantılarının (FLW) idarə olunması və nəzarəti məqsədilə keçirilib. Təlimdə qida tullantılarının kompostu və heyvan yemi ilə bağlı Malayziya təcrübələri, habelə resurslardan daha səmərəli istifadə və qida sektorunun davamlılığını təmin etmək üçün strategiya və maarifləndirmə proqramlarından bəhs olunub. Həmçinin ərzaq təhlükəsizliyinin dünyanın bir çox ölkələrində, eləcədə İƏT-yə üzv olan bir çox ölkələr üçün də ciddi bir problem olduğu vurğulanıb. Bildirilib ki, İƏT üzv ölkələrinin ərzaq təhlükəsizliyinin təmin edilməsində qida itkisi və tullantılarının səmərəli idarə edilməsi və nəzarəti olduqca vacibdir.
Sonda mövzularla bağlı müvafiq təqdimatlar verilib, müxtəlif təcrübələr bölüşülüb. Daha sonra iştirakçılar beynəlxalq sertifikatlarla təmin edilib.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
AQTA ilə Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub. Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.