AQTİ mütəxəssisləri tərəfindən Asiya mənşəli zərərvericinin yaratdığı fəsadlar araşdırılıb
10 Noyabr 2022 14:09
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Asiya uzunbığ böcəyinin (Anoplophora glabripennis) ekspress risk təhlili həyata keçirilib. Təhlilin nəticələrinə əsasən, Azərbaycanda aşkar olunmayan bu zərərverici dünyanın bir sıra ölkələrində bitkilərə ciddi ziyan vurur.
Belə ki, Asiya uzunbığ böcəyinin vətəni Şərqi Asiyadır. Bu zərərverici Çində geniş yayılıb. Koreya yarımadası və Tayvan ərazisi də Asiya uzunbığ böcəyinin təbii arealına daxildir. Zərərverici qablaşdırılmış taxta materialların beynəlxalq ticarəti zamanı təsadüfən Şimali Amerika materikində yerləşən Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanadaya, eləcə də Avropaya keçib. Bu zərərverici Şimali Amerika materikində rəsmi olaraq 1996-cı ildə qeydə alınıb. Avropa ölkələrindən isə ilk dəfə Avstriyada 2001-ci ildə aşkar olunub. Zərərvericinin Azərbaycanda aşkar edilməsi ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.
Ümumilikdə, bu zərərverici 50-dən çox enliyarpaqlı ağac növünə ziyan vurur. Çində Asiya uzunbığ böcəyinə əsasən qovaq (Populus spp.) cinsinə aid olan P.nigra, P.deltoides və Çin hibridi P.canadensis x P.dakhuanensis bitkilərində rast gəlinir. Bundan başqa, zərərvericinin ziyan vurduğu bitkilərə söyüd, qızılağac, alma, tut, gavalı, armud, akasiya, qovaq, ağcaqayın, tozağacı, qarağac və çinar daxildir.
Adətən, Asiya uzunbığ böcəyi inkişaf dövrünü 1 ildə tamamlayır. Lakin iqlim və qidalanma şəraitindən asılı olaraq, bu müddət 2-3 ilədək uzana bilər. Zərərvericinin inkişaf etməsi üçün orta illik temperatur həddi minimum 10, maksimum 35 dərəcədir. May-iyul ayları bu zərərvericinin ən aktiv olduğu dövrdür. Hər yarığa biri olmaqla, dişi fərd orta hesabla 30-32 yumurta qoyur. Zərərverici yumurta, sürfə və pup mərhələlərində qışlaya bilir. İnkişaf dövründən sonra Asiya uzunbığ böcəyinin yetkin fərdləri 40 günə qədər yaşayır.
Asiya uzunbığ böcəyinin sirayətlənməsi yumurtaqoyma və yaratdığı dəlikləri vasitəsilə aşkar edilə bilər. Sürfələr ağacın gövdəsinə, budaqlarına və oduncağa çox ciddi ziyan vurur. Uzunmüddətli sirayətlənmə və zərərvericinin populyasiya sıxlığı çox vaxt ağacların tamamilə məhvinə səbəb olur.
Asiya uzunbığ böcəyinin sürfələri ilə sirayətlənmiş qovaq ağacları əmtəə dəyərinin 46 faizini itirir. Şimali Amerika materikində və Avropada bu zərərverici parkların salınmasında istifadə olunan dekorativ bitkilər və ağaclar üçün ciddi zərərverici hesab edilir.
Dünyada ən çox yayılmış 100 zərərvericidən biri hesab olunan Asiya uzunbığ böcəyi bir sıra ölkələrin iqtisadiyyatına külli miqdarda ziyan vurur. Zərərvericinin Çin Xalq Respublikasına ildə təxminən 10 milyard yuan (1,5 milyard dollar) iqtisadi ziyan vurduğu təxmin olunur. Bu da Çində meşə zərərvericilərinin yaratdığı iqtisadi zərərin 12 faizini təşkil edir. Asiya uzunbığ böcəyinin ABŞ-a 669 milyard dollar iqtisadi zərər vurduğu müəyyən olunub.
Ona görə də, bu kimi zərərvericilərin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq, fitosanitar monitorinqlər həyata keçirilir və müvafiq qabaqlayıcı tədbirlər görülür.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş