AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında analizlər beynəlxalq standartlar əsasında həyata keçirilir
24 Oktyabr 2022 11:50
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyindəki Bakı Regional Sınaq Laboratoriyasında qablaşdırılmış içməli və təbii mineral suyun təhlükəsizlik göstəricilərinin analizi mikrobioloji və toksikoloji müayinələr olmaqla, iki istiqamətdə həyata keçirilir.
Təqdim edilən su nümunələrinin təhlükəsizlik göstəricilərinin sınaqları Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartların parametrlərinə uyğun aparılır. Belə ki, laboratoriyada bütün mikrobioloji və toksikoloji müayinələr beynalxalq ISO metodlarına uyğun olaraq həyata keçirilir. Eyni zamanda, ağır metalların təyini yüksək dəqiqliyə və həssaslığa malik cihaz vasitəsilə yoxlanılır. Laboratoriyada aparılan müayinələrin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə analitik standartlardan, standart referans və sertifikatlı referans materiallardan istifadə olunaraq sınaqların düzgünlüyü və dəqiqliyi təmin edilir.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyası ISO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarına dair ümumi tələblər” standartına uyğun qurulub. Eyni zamanda, laboratoriyanın mikrobioloji bölməsi ISO 7218:2007 və “European Accreditation for Microbiological Laboratory EA-04\10”nun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Hazırda sınaqlar ISO, AOAC, ASTM, NMKL, QOST kimi referans metodlarından istifadə edilərək həyata keçirilir. Həmçinin laboratoriya İngiltərənin nüfuzlu “LGC Standarts” şirkəti tərəfindən keçirilən beynalxalq səriştəlilik sınağında su nümunəsinin 5 mikrobioloji parametri üzrə uğurlu nəticələr əldə edib.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.