AQTİ qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir
8 Aprel 2022 15:14
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir.
Müəssisədə məhsullarının izlənmə sisteminin qurulması xammal qəbulu və emalının qeydiyyatı, məhsul istehsalının qeydiyyatı, hazır məhsulun izlənməsi sistemi, həmçinin geri çağırma üzrə prosedurların hazırlanması dövrlərini əhatə edir. Peşəkar mütəxəssislər tərərfindən icra olunan xidmət müəssisəyə yararsız məhsulun anbarda qalma ehtimalının minimuma endirmək, yararsız məhsulun satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidmətindən istifadə etmək üçün sahibkarlar (012) 377 00 20 (daxili 553) nömrəsilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsaltinq, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri təklif edir.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.