Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) şəffaflığın təmin olunmasında xüsusi əhəmiyyət daşıyır
21 Sentyabr 2020 09:47
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) bir sıra modulları hazırlanaraq istismara verilmışdir.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlar AQTİS-də “Şəxsi kabinet”ə “ASAN İmza” və ya “ASAN Login” ilə daxil olurlar. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, dövlət reyestrində dəyişikliyin edilməsi, idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına, qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalına, bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materialların, həmçinin baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və idxalçının diri heyvan üçün tranzit müraciətləri bu sistem vasitəsilə həyata keçirilir. Ümumilikdə “Şəxsi kabinet” vasitəsilə sahibkarlar Agentliklə olan münasibətlərini tənzimləyir, müraciətlərini edir və bu müraciətlərə elektron olaraq cavab ala bilirlər.
AQTİS-in yoxlamalar modulu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmaqdadır. Yoxlamalar zamanı şəffaflığı və operativliyi təmin etmək məqsədilə müfəttişlər yaxa kameraları və planşetlərlə təmin edilib. Yoxlamanın gedişi planşetlərdəki interfeys vasitəsilə sistemə daxil ediləcək və vahid məlumat bazasında toplanacaq. Planşetlərdəki yoxlama interfeysi oflayn və onlayn rejimdə işləməklə, məlumatların daimi daxil edilməsinə şərait yaradacaq. Yoxlama zamanı yaxa kamerası ilə emal olunan səs, video və şəkil sistemə əlavə ediləcək ki, bu da yoxlamalar haqqında şəffaf məlumat bazası formalaşdıracaq. Yoxlamalar zamanı sınaq nümunələrinin götürülməsi, inzibati cərimələrin yazılması, məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi və illik təftiş planları da sistem vasitəsilə icra ediləcək.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində olan sınaq laboratoriyalarında iş prosesinin avtomatlaşdırılmasını AQTİS-in laboratoriya modulu təmin edəcək. Bu modul vasitəsilə laboratoriyalar haqqında məlumat, tədqiq olunacaq nümunələrin qəbulu, tədqiqi və nəticələrin idarəedilməsi, laboratoriya mütəxəssislərinin məlumatları, obliqat qruplar üzrə məlumatlar, laboratoriya avadanlıqları barədə texniki və funksional göstəricilər, laboratoriyaların tələbatları və s. idarə olunacaq. Laboratoriyaya daxil olan bütün nümunələr barkod və ya QR-kod vasitəsilə nömrələnəcək ki, bu da nümunələrin gizliliyini təmin edəcək. Sistem vasitəsilə analitik hesabatlar və statistik məlumatlar əldə olunması keyfiyyətin idarəedilməsini, rentabelliliyin təhlili və risk əsaslı idarəetməni tənzimləyəcək.
AQTİS-in idxal–ixrac modulunda qida sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən bütün növ idxal və ixrac proseslərini idarə etmək mümkündür. Bu modulla idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalına, bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materialların idxalına, baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və idxalçının diri heyvan üçün tranzit müraciətləri həyata keçirilməklə bərabər bütün proses avtomatlaşdırılmış şəkildə icra olunur. Prosesin sonunda müraciətə uyğun olaraq sertifikatlaşdırma elektron şəkildə icra edilir və sahibkarın “Şəxsi kabinet”inə göndərilir. Bu proseslə əlaqədar bütün ödənişlər onlayn şəkildə HÖP üzərində həyata keçirilir. Modul Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə inteqrasiya edilib ki, bu da qurumlar arasında məlumat mübadiləsi, idxal–ixrac proseslərinin az vaxt ərzində şəffaf və operativ həyata keçirilməsinə təkan verəcək.
AQTİS-in funksionallığının genişləndirilməsi, məlumatların tamlığının qorunması və operativliyin təmin edilməsi məqsədilə digər dövlət qurumlarının informasiya sistemləri ilə məlumat mübadiləsi həyata keçirilir. Hazırki vaxtadək Vergilər Nazirliyindən VÖEN-in və Ədliyyə Nazirliyi ilə FİN məlumatların alınması, həmçinin “E-gov” portal, Səhiyyə Nazirliyi, “Asan İmza” və “Hökümət Ödəniş Portalı” ilə inteqrasiyalar uğurla yerinə yetirilir.
Həmçinin AQTA tərəfindən “Elektron hökümət”in inkişafı ilə əlaqədar olaraq iki istiqamət üzrə elektron xidmət hazırlanaraq “Elektron hökümət” portalına inteqrasiya edilib.
AQTİS-in infrastrukturunun və fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə və Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanın 7.1. bəndinə uyğun olaraq, Agentliyin dövlət informasiya sistemləri (AQTIS serverləri) və ehtiyatları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində yerləşdirilib.
2021-2025-ci illər üzrə AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulmuşdur.
Oxşar xəbərlər
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Şəki–Zaqatala bölgəsində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə işləri aparılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizədə ictimai fəallığın artırılması məqsədilə bölgədəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına vurduğu zərər barədə məlumatlar verilir. Həmçinin zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılır. Bildirilir ki, qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərində, anbarlarda və digər tikililərdə toplaşır. Zərərverici aşkar edildikdə onun mexaniki üsulla toplanaraq məhv edilməsi, tikililərə daxil ola biləcəyi boşluqların bağlanması və digər profilaktik tədbirlərin görülməsi tövsiyə edilir.
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Giriş