Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
17 Oktyabr 2024 12:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır.
Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.
Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.
Xatırladaq ki, zərərvericiyə qarşı mübarizə tədbirləri haqqında məlumat alınması üçün vətəndaşlar aidiyyəti dövlət qurumlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə, eləcə də “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə:+994 99 308 85 88) zəng edə bilərlər.
Oxşar xəbərlər
Mil-Muğan regionunda pambıq sahələrində monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin fitosanitar müfəttişləri İmişli rayonunun Aranlı, Məmmədli və Bəcirəvan, Sabirabad rayonunun Əhmədabad, Xəlfəli və Şəhriyar, Beyləqan rayonunun Kəbirli, Təzəkənd, Şahsevən və Bolsulu kəndlərində yerləşən pambıq əkini sahələrində monitorinqlər keçirib. Monitorinqlər zamanı pambıq sahələrində zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinin vəziyyətinə baxış keçirilib. Tədbirlər çərçivəsində bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblər və aqrotexniki qaydalar ətraflı izah edilib. Bitki sağlamlığının qorunması və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili ilə bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki–Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən təhsil müəssisələri, kənd və yaşayış məntəqələri, ictimai yerlər, turizm zonaları və aqroparklarda qəhvəyi mərmər bağacığı ilə bağlı genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində sakinlərə zərərvericinin bioloji xüsusiyyətləri, yayılma yolları, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə məlumat verilir. Payız-qış mövsümündə qışlama yerlərində toplaşan zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyi diqqətə çatdırılır. Maarifləndirmə tədbirləri artıq müsbət nəticəsini göstərir. Belə ki, fitosanitar monitorinqlər zamanı vətəndaşların evlərdə, həyətlərdə və yardımçı tikililərdə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərini müstəqil şəkildə həyata keçirdikləri müşahidə olunur. Qeyd edək ki, Şəki rayonunda cari ilin oktyabr ayı ərzində 20 mindən çox insan qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə üsulları barədə maarifləndirilib. Zərərvericinin yayılmasının qarşısının alınmasında əhalinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirmə tədbirləri, fitosanitar monitorinqlər və zərərvericiyə qarşı mübarizə işləri davam etdirilir.
Qışlama dövrü qəhvəyi mərmər bağacığına qarşı mübarizədə ən əlverişli vaxtdır
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən İmişli rayonu, Sabirabad rayonunun Əhmədabad və Nizami, həmçinin Beyləqan rayonunun Günəşli və Kəbirli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlərdə havaların soyuması ilə əlaqədar bağacığın qapalı məkanlara və qışlama yerlərinə doğru intensiv hərəkət etdiyi bildirilib. Sakinlərə payız-qış mövsümündə zərərvericiyə qarşı ən effektiv və təhlükəsiz mübarizə üsulunun əl ilə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu tədbirlərin vaxtında görülməsi növbəti vegetasiya dövründə zərərvericinin kütləvi çoxalmasının qarşısını alacaqdır. Sakinlərə maarifləndirici bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş