Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Bitki sağlamlığı üzrə ekspertlər klubu” yaradılır
30 Mart 2022 10:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) digər sahələrlə yanaşı, fitosanitar nəzarətinə dair normativ tənzimləməni, həmçinin fitosanitar nəzarəti sahəsində dövlət siyasəti və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, ölkədə bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətlərin koordinasıyası, əməkdaşlığın təkmilləşdirilməsi və gücləndirilməsini hədəfləyir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) nəzdində ictmai əsaslarla “Bitki sağlamlığı üzrə ekspertlər klubu”nun yaradılması planlaşdırılır. Klub bitki sağlamlığı sahəsində çalışan eskpertlərin fəaliyyətinin əlaqələndirilməsi, aparılan elmi araşdırmaların koordinasiyası və ictimai müzakirələrin həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, dünyada bitki mənşəli zərərli orqanizmlərin, o cümlədən xüsusi təhlükəli bitki viruslarının yayılması bitkiçilik məhsullarının məhsuldarlığına və beynəlxalq ticarətinə ciddi təhdid yaradır. Ölkəmizdə də kənd təsərrüfatı, meşələr və digər ekoloji sistemlərdə çoxsaylı zərərli orqanizmlərin yayılması riski mövcuddur və bu risklərin aradan qaldırılması üçün ölkədə fəaliyyət göstərən qurum və mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsinə, mövcud resurslardan istifadənin optimallaşdırılmasına ehtiyac var. Bu baxımdan, sözügedən klubun təşkili ilə Azərbaycanda bitki sağlamlığı ilə bağlı bütün maraqlı tərəflərin və mütəxəssislərin koordinasiyalı fəaliyyətini təmin etmək, əməkdaşlığı inkişaf etdirmək, prioritet məsələlər üzrə müzakirələr üçün ümumi platforma yaratmaq nəzərdə tutulur.
Klub üzvləri qarşısında duran başlıca vəzifələr ölkənin bitki sağlamlığı sahəsində önəmli olan istiqamətlərin müəyyənləşdirilməsi, tətbiqi elmi tədqiqat və tərəfdaşlıq tədbirlərinin planlaşdırılması, zərərvericilərin risk təhlili, erkən aşkarlama üçün müşahidələrin planlaşdırılması, zərərvericilərlə mübarizəyə töhfə vermək olacaq. Eləcə də bitki sağlamlığının müxtəlif aspektləri üzrə gənc tədqiqatçılara təlimlərin, ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında bitki sağlamlığı sahəsində mövcud və hazırlanan qanunvericilik aktlarının ictimai müzakirəsinin təşkili, prioritet məsələlər üzrə tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, əldə edilən elmi-tədqiqat və layihə nəticələrinin müzakirəsi yer alıb. Eyni zamanda Azərbaycanda nəşr olunmuş zərərli orqanizmlərlə bağlı elmi məlumatların toplanması, qiymətləndirilməsi və sistemləşdirilməklə məlumat bazasının yaradılması; ölkə üçün iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı bitkilərində rast gəlinən zərərli orqanizmlər üzrə risk analizlərinin (ZRA) aparılması; zərərli orqanizmlərin diaqnostikası üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, klub üzvlərinin iştirakı ilə müxtəlif seminar, təlim və konfransların təşkili kimi istiqamətlər nəzərdə tutulur.
Qeyd edilənlər nəzərə alınaraq, bitki sağlamlığı sahəsində fəaliyyət göstərən ekspertlər, alimlər, mütəxəssislər “Bitki sağlamlığı üzrə ekspertlər klubu”na üzvlüyə dəvət edilir. Kluba üzv olmaq istəyən ekspertlər müvafiq tələblərə uyğun olmalıdır. Belə ki, üzvlük üçün aqronomluq, biologiya və ya aqrokimya ixtisası üzrə ali təhsil, eyni zamanda bitki sağlamlığı sahəsi üzrə ən azı 5 il peşəkar təcrübə tələb olunur. “Bitki sağlamlığı üzrə ekspertlər klubu”na üzv olmaq istəyən şəxlər CV-lərini burhana.murshudova@afsa.gov.az ünvanına göndərə bilər.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.