Azərbaycanda daha 47 adda təsiredici maddənin tətbiqi qadağan olunub
29 Dekabr 2022 11:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində tətbiqi qadağan edilmiş təsiredici maddalərin siyahısına 47 əlavənin olunmasına dair qərar qəbul edilib.
Belə ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2021-ci ildə AQTA-nın qərarı ilə 191 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan olunub. Eyni zamanda Agentlik tərəfindən bu istiqamətdə aparılan araşdırmalar davam etdirilib. Nəticədə müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa İttifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə siyahıya yeni 47 adda təhlükəli təsiredici maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Bu məsələ müvafiq qaydada Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.
Həmçinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların idxalı ilə bağlı sahibkarlıq subyektləri tərəfindən öncədən müqavilələrin bağlanmasının mümkünlüyü və həmin preparatların ölkə ərazisində qalıqlarının mövcudluğu nəzərə alınıb. Təsiredici maddələrdən hazırlanmış preparatların mərhələli olaraq, yəni 2023-cü il fevralın 1-dən istehsalının və idxalının dayandırılması, 2024-cü il yanvarın 1-dən isə ölkə ərazisində tətbiqinin qadağan edilməsi barədə qərar qəbul olunub.
Qəbul edilmiş qərar barədə aidiyyəti üzrə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasına və həmin təsiredici maddə tərkibli preparatların anbar qalıqları mövcud olan sahibkarlara məktub ünvanlanıb. Məktubda 2023-cü ilin əkin mövsümü ərzində qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların anbar qalıqlarının satışının təşkili və istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilib. Eyni zamanda 2024-cü il yanvarın 1-dək istifadə olunmamış preparatlarla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun tədbirlərin görüləcəyi bildirilib.
"Azərbaycan Respublikasında tətbiqi qadağan edilmiş təsiredici maddalərin Siyahısı"na əlavə olunan 47 adda təsiredici maddə ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:
1. 1,3-Dichloropropene
2. 1,7-Dioxaspirg-[5.5]-undecane
3. Amitraz
4. Atrazine
5. Benomyl
6. Beta-cypermethrin
7. Brodifacoum
8. Bromophos-ethyl
9. Carbaryl
10. Carbendazim
11. Carbosulfan
12. Chlorfenapyr
13. Chlorpyrifos (gthyl)
14. Chlorpyrifos-methyl
15. Coumachlor
16. Cyclanilide
17. Cyhexatin
18. Cyfluthrin
19. Diazinon
20. Dichlorvos (DDVP)
21. Diniconazole-M
22. Diquat
23. DNOC
24. EPN
25. Egnpropathrin
26. Flusilazole
27. Glufosinate
28. Haloxyfop
29. Hexaconazole
30. lmibenconazole
31. lprodione
32. Linuron
33. Maneb
34. Metolachlor
35. Novaluron
36. Plant extracts (red oak, prickly pearcactus, fragrant sumac, red mangrove)
37. Propargite
38. Propineb
39. Pymetrozine
40. Short-chain chlorinated paraffins (SCCPs)
41. Tetramethrin
42. Terbutryn
43. Thiodicarb
44. Triadimefon
45. Triasulfuron
46. Trimedlure
47. Trifloxysulfuron
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə məlumatlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.