Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib
24 May 2022 13:50
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib.
Beynəlxalq Forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, həmçinin Latviya, Litva respublikalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən söz açıb. Qlobal və milli səviyyədə bitki mühafizəsinin önəminə diqqət çəkən sədr qeyd edib ki, bitki sağlamlığının təmin olunması məhsuldarlığın yüksəldilməsi, beynəlxalq ticarətin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrilir. Bunu nəzərə alaraq, ötən dövr ərzində ölkəmizdə də bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, Bakı və regionlarda müasir tələblər əsasında ən mürəkkəb analizlərin aparılması məqsədilə 5 fitosanitar laboratoriya qurulub, nəzarət sahəsində ilk dəfə virusoloji və bakterioloji müayinələr aparmağa imkan verən molekulyar-bioloji bölmələri yaradılıb. Bitki sağlamlığı sahəsində ölkə üzrə idxal tələbləri, həmçinin beynəlxalq standartlar əsasında bir sıra fitosanitar norma və qaydaları hazırlanaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib, 30-dan çox karantin tətbiq edilən zərərvericinin risk təhlili aparılıb, 23 ölkəyə virus və bakteriyalarla bağlı yeni idxal tələbləri göndərilib, 5 ölkə ilə beynəlxalq sənəd imzalanıb. Bundan əlavə, ilk dəfə olaraq ölkədə zərərvericilərin mövcudluğunun və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə Milli Monitorinq Planı hazırlanaraq uğurla icra olunub.
Q. Təhməzli forum iştirakçılarını AQTA tərəfindən həyata keçirilən innovativ həllər barədə də məlumatlandırıb: “Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilmiş, elektron sistem vasitəsilə həyata keçirilməkdədir. Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edir.” Müvafiq sahədə yeni çağırışlar və perspektivlərə də toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ həllərin geniş tətbiqi, özəl sektorun bitki sağlamlğının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.
Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks, Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovas və digər natiqlər də çıxış edərək, bitki sağlamlığınin kainat üçün əhəmiyyəti və bitki mühafizəsi üzrə zəruri tədbirlər haqda fikirlərini bölüşüblər.
Daha sonra forum işini iki sessiya üzrə davam etdirib. Sessiyalarda “Azərbaycanda bitki mühafizəsi sisteminin təkmilləşdirilməsi”, “Bitki sağlamlığı üzrə hüquqi çərçivənin və idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycanın bitki sağlamlığı statusunda özəl sektorun rolu”, “İT sisteminin AQTA və özəl sektorun ehtiyacları üçün istifadə perspektivləri” və s. mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsi AQTA tərəfindən Latviyanın Dövlət Bitki Mühafizə Xidməti və Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir. Layihəninin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir.Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş