Beyləqanda istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
26 Avqust 2024 18:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən AQTA-ya müvafiq işlərin görülməsi həvalə olunub.
Tədbirlər Planının icrası məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Beyləqan rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması prosesi həyata keçirilib. Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, təhlükəli yüklərin qablaşdırılması və daşınması üzrə görülən tədbirlər AQTA ilə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.
Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə icra edilən işlər ölkəmiz üçün olduqca vacib və əhəmiyyətli tədbir hesab olunur. Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər bilavasitə ətraf mühitə verilən bir töhfədir. Ətraf mühitin sağlamlaşdırılması, ətraf mühitdən insanlara, heyvanlara və bitkilərə keçə biləcək zərərlərin qarşısının alınması üçün görülən birbaşa tədbirin önəmi yüksək dəyərləndirilir.
Onu da bildirək ki, analoji olaraq həyata keçirilən silsilə tədbirlər digər təhlükə potensiallı obyektlərin ərazisində müəyyənləşdirilən təhlükəli tullantılar üçün də davam etdiriləcək.
Oxşar xəbərlər

Ölkə ərazisində fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək
Məlum olduğu kimi, təhsil və tibb müəssisələrində, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil olunur. Yeni normaların hazırlanması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” müvafiq layihələr hazırlanıb. Layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib, həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb. Həmçinin ölkədəki uşaqların 2012-2022-ci illər üzrə sağlamlıq vəziyyəti təhlil edilib, mövcud məsələlərin həlli istiqamətində müalicə və profilaktika ilə yanaşı, düzgün qidalanmanın da rolu nəzərə alınaraq, uşaqların qida normaları təkmilləşdirilib. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Tibb müəssisələrində və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının tətbiqi, bu sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə müsbət təsir göstərəcək. Təhsil müəssisələrində yeni qida normalarının tətbiqi isə təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsi ilə onların sağlam inkişafını təmin edəcək.