Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
7 May 2025 11:02




Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.
Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.
Oxşar xəbərlər

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bölmələri arasında minifutbol turniri start götürüb. Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar. Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub. Qeyd edək ki, turnir 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Türkiyənin istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib. Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.

Ukraynanın istehsalçı şirkətlərinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkətləri "Zagotservice" MMC”, "Myasodar" MMC, "Shidzahid" MMC (“East West” MMC), "Verbivske" MMC-yə məxsus dondurulmuş mal əti və "Lutsk Agricultural Company" MMC-yə məxus dondurulmuş toyuq əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisələrdə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçıların respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.
