Bitkiçilik təsərrüfatlarında fitosanitar və aqrotexniki tələblərə əməl olunmalıdır
13 Oktyabr 2021 13:21
Kartofun qonur çürüməsi (Ralstonia solanacearum sensu lato) tropik, subtropik və mülayim iqlim qurşaqlarının hakim olduğu bölgələrdə geniş yayılıb. Xüsusilə 1980-1990-cı illərdə Şimali Avropada, kartof bitkisinin istehsalını artırmaq üçün suvarmanın normadan artıq tətbiqi, xəstəliyin suvarma yolu ilə daha çox yayılmasına səbəb oldu.
Kartofun qonur çürüməsi 1975-ci ildən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilib. Eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası üçün də karantin əhəmiyyət kəsb edir.
Bu xəstəliyin rast gəlindiyi ölkələrdə əsaslı məhsul itkisi qeydə alınıb. Bugünədək ən böyük iqtisadi zərər Cənub-Şərqi Amerikada, İndoneziyada, Braziliyada, Kolumbiyada və Cənubi Afrikada kartof, pomidor bitkilərində müşahidə olunub. Yunanıstanda 1951-1953-cü illərdə kartof əkinlərində ciddi məhsul itkisi baş verib. Venesuelada 1992-1996-cı illərdə xəstəlik səbəbi ilə məhsul itkisi 37%-ə çatıb. Xəstəliyin sirayətlənməsi əsasən 5-75% arasında dəyişir.
Beynəlxalq ticarətdə sirayətlənmiş kartof yumrularının və digər vegetativ çoxaltma üçün istifadə olunan əkin materiallarının daşınması əsas yayılma yolu hesab edilir. Patogenlə sirayətlənmiş belə sularla sulama aparılarkən bakteriya əsas sahib bitkilərə yayılır.
Bakteriya əksər bitkiləri yoluxdurma qabiliyyətinə malikdir. 200-dən çox bitki növü, xüsusilə tropik və subtropik bitkilər patogenin raslarından birinə və ya başqalarına həssaslıq göstərirlər. Lakin dünyada iqtisadi əhəmiyyət kəsb edən əsas sahib bitkilər kartof, pomidor, banan, tütündür. Eyni zamanda xəstəliyin rast gəlindiyi bitkilərə badımcan, bibəri, pambıq, araxis, maniok, gənəgərçəyi, zəncəfil və s. misal göstərmək olar. Yüksək temperatur və rütubətlilik xəstəliyin daha da inkişafına səbəb olur. Bakteriyalar suvarma suyu, yoluxmuş şitillər və istifadə edilən avadanlıq və maşınlardakı qalıqlar vasitəsilə yayılır. Xəstəliyin törədicisi, eyni zamanda, gövdədəki və köklərdəki zədələnmiş hissələrdən, eləcədə stolonlardan bitkiyə daxil olaraq sirayətləndirir. Bunun üçün bitkilərin zədələnməsinin qarşısı alınmalıdır. Kartof bitkisini kökləri vasitəsilə yoluxdurur.
Xəstəliyə qarşı təsirli kimyəvi mübarizə metodu yoxdur. Torpağa tətbiq edilən fumiqantların da təsiri çox aşağıdır və ya heç yoxdur. Ona görə fitosanitar, aqrotexniki tələblərə ciddi şəkildə əməl etmək lazımdır.
- İdxal-ixrac prosesləri zamanı karantin tədbirlərinə ciddi qaydada əməl edilməlidir;
- Xəstəliyin müşahidə edildiyi sahədə torpaqdakı inolkulyumu yox etmək üçün 5-7 il müddətində növbəli əkinə əməl edilməlidir. Kartofun qarğıdalı və ya lobya ilə rotasiya edilməsi daha məqsədəuyğundur. Torpağa verilən üzvi mənşəli gübrələr torpaqdakı bioaktivliyi artırmaqla inokulyumun azalmasına səbəb olur;
- Suvarma kanallarının ətrafında quşüzümü kimi alaq otları və öz-özünə yetişən kartoflar çıxarılaraq sahədən uzaqlaşdırılmalıdır;
- Əkin zamanı yalnız sertifikatlı, xəstəliyə qarşı davamlı sortlardan və sağlam yumrulardan istifadə edilməlidir. Kəsilmiş yumrulardan qəti istifadə etmək olmaz. Kəsilmiş yumruların toxumluq kimi istifadə edilməsi xəstəliyi 2,5 dəfə artırmaqla 40% məhsul itkisinə səbəb olur;
- Bitki köklərində yara əmələ gətirən nematodlarla patogen arasında sinergizm mövcud olduğu üçün nematodlara qarşı kimyəvi mübarizə aparılmalıdır.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyən edilməsi, karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə monitorinqləri davam etdirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Xocalı rayonlarında, Xocavənd rayonunun Hadrut qəsəbəsində, Ağkənd, Güneyçartar, Çiraquz, Tuğ kəndlərində və Qırmızı Bazar ərazisində, Ağdam rayonunun Şıxbabalı, Boyəhmədli, Cinli, Xaçındərbənd, Qızıl Kəngərli kəndlərində, Cəbrayıl rayonunun Daş Veysəlli, Əmirvarlı kəndlərində müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Xocalı rayonunda, Ağdam rayonunun Cinli, Xaçındərbənd, Xocavənd rayonunun Ağkənd, Güneyçartar, Cəbrayıl rayonunun Əmirvarlı, Daş Veysəlli kəndlərində yerləşən nar bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Komstok yastıcası, Xocavənd rayonunun Ağkənd kəndində yerləşən üzüm bağından götürülən nümunələrdə isə karantin tətbiq edilən Asiya giləmeyvə drozofilası aşkarlanıb.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.