Bu il keçiriləcək Qurban bayramında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmalıdır
17 İyul 2020 13:25
Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və insan sağlamlığına zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınmış, yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilməkdədir.
İnsanların qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə - iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə bilərlər. Hazırda AQTA mütəxəssisləri tərəfindən Respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır, onların siyahısı tərtib olunur. Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Unutmaq olmaz ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
AQTA ilə Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub. Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.