Cari il ərzində İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib
14 Mart 2023 10:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb. Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə Agentliyə məlumat verilməsi bildirilib.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.
2023-cü ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir:
1. "Amotrade" MMC
2. "Fruit Logistik" MMC
3. "Senergy Az" MMC
4. "South Potato" MMC
5. "Əkinçi-10 2021" MMC
6. "Əli 1" MMC
7. "Limon Comp" MMC
8. "Albalı A Fruit" MMC
9. "Dry Fruits" MMC
10. "Ballı Store N" MMC
11. F/Ş Sadıqov İqbal Sayad oğlu
12. "Narnumru" MMC
13. "is" MMC
14. "Best Supply Company" MMC
15. F/Ş Hüseynov Şahverən Hüseynqulu oğlu
16. "Bilal Fruit" MMC
17. "Frut-ZV" MMC
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür.
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

İdxal olunan nektarin tinglərində uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.

Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.