İdxal edilən kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub
21 Dekabr 2022 10:44




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından fiziki şəxs Əskərov Şəmistan Kidır oğlu tərəfindən idxal olunan 20 450 kq toxumluq kartof məhsuluna və hüquqi şəxs "AZ-AQRO FARM" MMC tərəfindən idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.”- kartof gövdə nematodu, “Clavibacter michiganensis subsp. Sepedonicus” -kartof yumrularında halqavari çürümə ) aşkar olunub.
Agentlik tərəfindən istifadəyə yararsız kartof məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
