İrandan idxal olunan bitkiçilik məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib
27 Fevral 2023 16:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Sınaq protokolları nəticəsində idxal olunmuş 1098 ton portağal məhsulunda (2023-cü ilin 1 yanvar - 23 fevral tarixləri) 54 halda karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb. Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib. Lakin bu vaxtadək həmin məlumatlar təqdim edilməyib, portağal məhsulunun idxalında aşkarlanan uyğunsuzluqlar isə daha da intensivləşib. Bununla bağlı olaraq, AQTA bu istiqamətdə nəzarət tədbirlərini daha da gücləndirib və aidiyyəti üzrə tədbirlər həyata keçirilməkdədir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür.
Oxşar xəbərlər
Bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatının verilməsi qaydasında dəyişiklik edilib
Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 373 nömrəli Qərarı ilə bir sıra qaydalar təsdiq olunub. Qərarda bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının bir ərazisindən başqa əraziyə daşınan zaman daxili karantin sertifikatının verilməsi qaydası müəyyənləşib. Habelə ixrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarına (yüklərə) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydası müəyyən edilib. Tələb olunan sənədlər, ixrac ediləcək yükün daşınması üçün istifadə edilən taxta qablaşdırma materiallarına qoyulan tələblər, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsindən imtina halları, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının nümunəvi formaları Qərarda göstərilib. Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin ölkə daxilində daha geniş ərazidə yayılmasının qarşısının alınması, mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına şərait yaradacaq.
Xankəndidə zərərverici ilə mübarizəyə həsr olunan maarifləndirici görüşlər keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Xankəndi şəhər əhalisi, o cümlədən Qarabağ Universitetinin tələbələri ilə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Tədbir zamanı zərərvericinin morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, maarifləndirici kitabça və bukletlər paylanılıb. Həmçinin yaşayış evlərində, köhnə tikililərdə, binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.
Zaqatala rayonunda fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri Sərdar Hacıyev, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov iştirak ediblər. Görüşdə fındıqçılıq sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub. Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlərin həyata keçirildiyi qeyd olunub. İxracatçılara bu sahədə tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mövcud prosedurlara düzgün riayət edilməsi ixrac prosesinin daha şəffaf, operativ və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Tədbirdə həmçinin fındıq məhsullarında aflatoksin riskinin azaldılması üçün vacib tədbirlər diqqətə çatdırılıb. Bölgədə Qəhvəyi mərmər bağacığına qarşı aparılan qış monitorinqlərinin nəticələri təqdim olunub, yaz-yay mövsümündə mübarizə işlərinin daha səmərəli təşkili, əhalinin və fermerlərin maarifləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, fındıq istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş