Latviyalı ekspertlər AQTİ mütəxəssislərinə təlim keçiblər
15 Aprel 2022 11:24
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriya mütəxəssislərinin həm nəzəri, həm də praktik bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər keçirilir. Növbəti təlim “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Latviyanın BIOR laboratoriyasının mütəxəssisləri tərəfindən təşkil edilib.
Bitki mənşəli qida məhsullarında pestisid qalıqları və digər arzuolunmaz maddələr üzrə milli monitorinq planlarının icrasına dair təlim zamanı AQTİ mütəxəssisləri Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçsin təqdimatında “Kimyəvi çirkləndiricilər tərkibi üzrə qida məhsullarının monitorinqi ilə bağlı sınaq laboratoriyalarında analitik prosesdən qabaq prosedurlar” və “Aİ-nin çoxillik əlaqələndirilmiş nəzarət proqramı ilə vahid qalıq metodologiyalarının təhlili üçün istifadə olunan analitik metodlar” mövzuları üzrə məlumatlandırılıblar. Layihənin Rezident Tvinninq müşaviri Gintaras Lapinskas “Kimyəvi çirkləndiricilər tərkibi üzrə qida məhsullarının rəsmi nəzarəti çərçivəsində bitki mənşəli qida məhsullarından nümunələrin götürülməsi” mövzusu üzrə nümunə götürülməsi prosedurları ilə bağlı beynəlxalq qanunvericiliyin tələbləri barəsində geniş bəhs edib. Laboratoriyanın Xromatoqrafiya şöbəsinin müdiri İveta Puqayeva isə “Aİ 1881/2006 Reqlamentinə uyğun olaraq bitki mənşəli məhsullarda çirkləndirici tərkibinin təhlili üçün istifadə edilən analitik metodologiyalar”, “Analitik nəticələrin hesabatı və interpretasiyası” mövzusunda təqdimatla çıxış edib.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların fikirləri dinlənilib, pestisidlərin qalıq miqdarının və təhlükəli cəhətlərinin təyin edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Təlim zamanı mənimsənilən biliklərin yoxlanması və qiymətləndirilməsi üçün test tapşırıqları həll edilib. Təlimi uğurla başa vurmuş iştirakçılara isə sertifikat təqdim olunub.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.