“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində növbəti onlayn təlim başa çatıb
28 Mart 2022 17:29
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) UNICEF və Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən növbəti onlayn təlim “Qida mənşəli xəstəliklər, heyvandan insana keçən xəstəliklər” mövzusuna həsr olunub.
AQTİ mütəxəssisi tərəfindən tədris olunan təlimdə mövzu ilə bağlı videoçarx nümayiş olunub. 30 nəfərin iştirakı ilə baş tutan təlimdə iştirakçılara qida təhlükəsizliyinə təsir edən risk faktorlarından bəhs edilib. Daha sonra heyvanlardan insanlara, eləcə də, insanlardan heyvanlara keçə bilən, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklər - zoonoz xəstəliklərdən və onların yayılma yollarından söz açılıb. Həmçinin iştirakçılara bruselyoz, qarayara, toksoplazmoz, quş qripi, quduzluq kimi xəstəliklərin törədiciləri, zoonoz infeksiyalardan qorunmaq məqsədilə tələb olunan müvafiq profilaktik tədbirlər haqqında ətraflı məlumat verilib. Təlim mövzu ətrafında aparılan qarşılıqlı müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ümumilikdə 12 mövzunu əhatə edir. Seminarların yekununda keçiriləcək imtahanlarda uğur qazananlar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunacaqlar.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
AQTA ilə Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub. Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.