Pestisidlər, bioloji preparatların istehsalı və satışı ilə məşğul olan sahibkarların nəzərinə
29 Avqust 2020 11:45
"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada onların sahibindən geri alınaraq əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq xüsusi yerlərdə zərərsizləşdirilir və ya məhv edilir.
Bu sahədə həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarına uyğun olaraq tənzimlənir.
Həmin qaydalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (sahibkarlar) istifadəyə yararsız pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablan haqqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər.
Ona görə də sahibkarlardan bir daha xahiş olunur ki, əgər onlara məxsus anbarlarda və ya digər saxlanc yerlərində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, həmin məhsulların təhlükəliliyini nəzərə alaraq dərhal bu barədə Agentliyə məlumat versinlər.
Oxşar xəbərlər

AQTA ilə Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının respublika ərazisində yayılmasının qarşısının alınması, yayılma arealının müəyyən edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir
Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi və daxili bazarda sağlam məhsul dövriyyəsinin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatı prosesi davam etdirilir. Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Agentlik qeydiyyata alınmış təsərrüfatlarda mütəmadi monitorinqlər və profilaktik tədbirlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimatlar verir. Qeydiyyat yalnız ölkədaxili iqtisadiyyat üçün deyil, beynəlxalq fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Sahibkarlar da qeydiyyatın faydalarını öz təcrübələrində təsdiqləyirlər. İxrac prosesində yaşanan ləngimələr və çətinliklərin qeydiyyatdan sonra aradan qalxdığını bildirən fermerlər məhsulların sağlam və təhlükəsiz şəkildə bazara çıxarılmasının artıq daha asan olduğunu vurğulayırlar. Qeydiyyat prosesi tamamilə ödənişsiz həyata keçirilir və sahibkarlar üçün heç bir əlavə öhdəlik yaratmır. Fermerlər bu prosesə AQTİS sistemi üzərindən onlayn, həmçinin ASAN xidmət mərkəzləri və AQTA-nın regional bölmələri vasitəsilə müraciət edə bilərlər. Dövlət rüsumundan azad olan bu xidmət sahibkarlara dəstək məqsədi daşıyır və sadə, sürətli şəkildə həyata keçirilir. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində qeydiyyatsız fəaliyyət göstərmək qadağandır. Bu səbəbdən fermerlərə və ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını qeydiyyata salmaqları tövsiyə olunur. Nəticə etibarilə qeydiyyat qanuni fəaliyyət, sağlam məhsul, asan ixrac, güvənli gələcək deməkdir.