“Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları” təsdiq edilib
30 İyul 2024 16:38

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının 15 iyul 2024-cü il tarixli 48 nömrəli Qərarı ilə “Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları” təsdiq edilib. Qərar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasına daxil edilib.
Qeyd edək ki, bu Qaydalar qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair tələbləri müəyyən edir. Qaydaların məqsədi fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınmasıdır. Kollegiya Qərarı ilə, tezyetişən çeşidlər istisna olmaqla qabıqlı fındığın istehsalı, emalı və saxlanması məqsədilə tədarükünü həyata keçirən qida zənciri subyektləri tərəfindən qabıqlı fındıq ilkin istehsalın həyata keçirildiyi ilin 1 sentyabr tarixindən sonra tədarük edilməlidir. Tədarük edilən qabıqlı fındığın nəmlik miqdarı 12 %-dən çox olmamalıdır. Həmçinin qabıqlı fındığın emalını həyata keçirən qida zənciri subyekti, həmin məhsul tədarük edildikdən sonra ləpələrindəki nəmliyin miqdarı 6 % olanadək qurudulmasını təmin etməlidir. Qaydalarda tələb müəyyən edilib ki, qabıqlı fındıq kətan və ya brezent kisələrdə saxlanmalıdır. Bundan başqa, qabıqlı fındığın saxlandığı anbarlar yaxşı havalandırılmalı, yağış və qrunt sularından mühafizə edilməli, anbarlarda havanın nisbi rütubəti 70 %-dən az, temperatur 0-20° C arasında, məhsulun 3 aydan çox müddət ərzində saxlanması nəzərdə tutulduğu təqdirdə 0-10° C arasında olmalıdır.
Məlumat üçün bildiririk ki, qida məhsullarında, yemlərdə və müxtəlif quru meyvələrdə temperaturun və rütubətin artması ilə əlaqədar olaraq kif göbələkləri yaranır. Kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə ifraz edir. Fındıqda aflatoksin məhsulun düzgün şəkildə qurudulmaması, uzun müddət torpağın üzərində qalması, qurudulduqdan sonra torpaq, yarpaq, ot kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun yığılmaması və saxlanılmaması nəticəsində yaranır.
Agentlik hesab edir ki, “Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə Kollegiya Qərarı bu sahədə sahibkarlığın daha da inkişafına öz töhfəsini verəcək, ölkəmizdə istehsal olunan fındıq məhsullarının xarici bazarlara ixracının davamlılığını təmin edəcək.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bölmələri arasında minifutbol turniri start götürüb. Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar. Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub. Qeyd edək ki, turnir 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.