Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə və mübarizə tədbirləri davam etdirilir
3 Oktyabr 2023 14:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) qəhvəyi mərmər bağacığı ilə bağlı əhalinin maarifləndirilməsi və zərərvericiyə qarşı müvafiq tədbirlər həyata keçirilir.
Məlumat üçün bildiririk ki, qəhvəyi mərmər bağacığının bəzi taxtabiti növləri ilə yaxın morfoloji oxşarlığı olsa da, bədənin azacıq yastı, armudvari forması, qəhvəyi rəngi, baş, döş və qanadüstlüklərində mərməri xatırladan açıq rəngli ləkələrin, bığcıqlarında və qarıncığının kənarlarında xarakterik ağ-qara naxışlarının olması bu növü digərlərindən fərqləndirir.
Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur. Qəhvəyi mərmər bağacığı yetkin fərd mərhələsində qrup halında qışlayır və qışlama yeri kimi insanların yaşadığı binalara və digər tikililərdəki sığınacaqlara üstünlük verir. Əsasən tikililərin qaranlıq və yuxarı hissələrində toplaşırlar.
Havanın temperaturu və günün uzunluğu zərərvericinin qışlamadan çıxmasına təsir edən başlıca amillərdir. Belə ki, havanın temperaturu +15° C-dən yuxarı olduqda yetkin fərdlərin qışlama yerlərindən çıxması, +17° C-dən çox olduqda isə aktiv qidalanmağa başlaması məlumdur.
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.
Zərərvericinin qışlama yerlərini maksimum azaltmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə təmizləmə işləri aparılmalı, yetkin fərdlərin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr xırdagözlü torla bağlanmalıdır.
Qeyd edək ki, “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir.
Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatları ala bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş