Qəhvəyi mərmər bağacığına qarşı kompleks tədbirlər davam etdirilir
18 Yanvar 2023 16:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birlikdə qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində artıq qonşu ölkələrdən Azərbaycana yük daşıyan nəqliyyat vasitələrinin dezinfeksiya olunmasına başlanıb. Nəqliyyat vasitələri Balakən rayonu ərazisindəki “Mazımqara”, Qazax rayonundakı “Qırmızı körpü” və Ağstafa rayonundakı “Böyük kəsik” sərhəd-keçid məntəqələrində ayrılmış xüsusi sahələrdə dezinfeksiya edilir. Həmçinin sürücülər qəhvəyi mərmər bağacığı və dezinfeksiyadan sonra əməl edilməli olan qaydalar barədə məlumatlandırılırlar. Eyni zamanda zərərvericinin müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarında bağacığın qışlama yerlərini aşkarlamaqdan ötrü monitorinqlər keçirilir. Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işləri də davam etdirilir. Bağacığın aşkar edildiyi bölgələrdə yerli əhali və sahibkarlarla görüşlər keçirilir, zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Bundan başqa, qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır.
300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan bağacığın yayılmasının qarşısını almaq üçün AQTA əhalini zərərvericilərlə mübarizədə fəal və diqqətli olmağa çağırır. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə aidiyyəti dövlət qurumlarına və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumlarının təmsil olunduğu və AQTA-nın rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzi yaradılıb. Balakən rayonunda Mərkəzin daimi əsaslarla işləyən Qərargahı fəaliyyət göstərir.
Oxşar xəbərlər
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.