Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
29 Aprel 2025 15:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının respublika ərazisində yayılmasının qarşısının alınması, yayılma arealının müəyyən edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının və sahibkarların iştirakı ilə Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Laçın rayonlarında görüşlər keçirilib.
Görüşlərdə zərərvericinin yayılma yolları, onunla mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.
Oxşar xəbərlər

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.