Sabah Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu öz işinə başlayacaq
20 May 2024 11:29

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda 21-22 may tarixlərində “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirak etməsi nəzərdə tutulur.
“Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.
Tədbirin ilk günündə “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 konteksində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyaların keçirilməsi planlaşdırılır. Tədbirin 2-ci günündə isə “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşkil olunması nəzərdə tutulur. Sessiyalar zamanı müxtəlif mövzularda çıxışların edilməsi, müzakirələrin aparılması və Fitosanitar Ekspertlər Qrupunun təsis olunması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının təmin olunması istiqamətində mühüm işlər görülüb. Bitki sağlamlığının izlənməsi istiqamətində Milli Monitorinq Planı hazırlanıb və icrası həyata keçirilir, təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatı və idxalı prosedurları sadələşdirilib. Beynəlxalq təcrübə nəzərə alınaraq, ilk dəfə Azərbaycan Respublikasında 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiq edilib. Agentliyin apardığı araşdırmalar və verdiyi təkliflər əsasında “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin hazırlanması başa çatdırılıb və razılaşdırılma mərhələsindədir. Rusiya Federasiyasına ixrac olunan xurma, alma, fındıq, çiyələk, nar, şaftalı, gilas, armud və digər məhsulların miqdarında artım var. Fındıq, alma və nar məhsullarının Çin Xalq Respublikasına ixracı ilə əlaqədar icazənin alınması üçün müvafiq hesabat hazırlanıb və qarşı tərəfə təqdim edilib. Ölkəmizdə istehsal olunan fındıq məhsullarının Avropa bazarlarına ixracının davamlılığı təmin edilib. Avropa İttifaqının müvafiq qurumu ölkəmizdən ixrac olunan fındıq partiyalarına 20 % yoxlama tezliyi saxlanmaqla, Agentliyin zəmanəti ilə hər yük partiyasını toksikoloji laborator müayinələrə cəlb etmədən və müvafiq sənədlərlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edilib.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının ixracı və diqqət edilməli məqamlar - Videotəlimat
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələ bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə ixrac olunan bitki və bitkiçilik məhsullarının idxalçı ölkələrin tələblərinə uyğun etiketlənmə qaydaları barədə məlumat verilərək qeyd olunub ki, məhsulların ixracı zamanı onların etiketləri məhsulların taralarının üzərində dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmış olmalı və zəruri məlumatlarla təmin edilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növləri barədə məlumat görüş iştirakçılarının nəzərinə çatdırılıb. Görüş zamanı bitkiçilik məhsullarının daşınmasında istifadə edilən meşə materiallarından hazırlanmış altlıqların və qablaşdırma materiallarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə uyğun formada işlənməsi diqqətə çatdırılıb, Beynəlxalq Standartların tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsirləri barədə məlumat verilib. Görüşdə idxalçı ölkənin etiketlənməyə dair tələbləri, adıçəkilən Beynəlxalq Standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair Təlimatı sahibkarlıq subyektlərinə təqdim olunub. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq, onların məhsuldarlığını aşağı salan zərərvericidir. Onun ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Zərərvericinin yetkin fərdləri uçaraq 35 km-dən 100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı feromon tələlər asılır. Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və axşam saatlarında yerinə yetirilməlidir. Xatırladaq ki, vətəndaşlar zərərvericiyə qarşı mübarizə tədbirləri haqqında məlumat almaq üçün Agentliyin “1003-Çağrı Mərkəzi”nə, eləcə də Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88 ) zəng edə bilərlər.