Şəmkirdə AQTİ-nin yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub
21 Fevral 2024 15:53
Hazırda dünyada biotəhlükəsizliklə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq ticarətdə çeşidlilik və həcmin artması, eləcə də ekologiya və kənd təsərrüfatı təcrübələrinin dəyişməsi heyvan, bitki və onların məhsullarında mövcud olan xəstəliklərin yayılmasına, həmçinin bir regiondan digərinə ötürülməsinə şərait yaradır. Dünyada biotəhlükəsizlik sahəsində vahid yanaşma prinsipi ölkələri öz nəzarət strategiyalarını beynəlxalq standartlar əsasında qurmağa təşviq edir. Bu baxımdan ölkəmizdə biotəhlükəsizliyin təmin olunması istiqamətində aparılmış islahatlardan ən önəmlisi özündə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığını təmin edən müasir standartlara uyğun laboratoriya şəbəkəsinin mövcud olmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bu sahədə laboratoriya sisteminin inkişafının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Həyata keçirilən tədbirlərin davamı olaraq Şəmkir rayonunda fəaliyyət göstərən istixanalardan birində monitorinq təşkil edilib. İstixananın yaxınlığına AQTİ-nin yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub. Laboratoriya yüksək keyfiyyətli stereo və bioloji düz mikroskopla, molekulyar müayinənin aparılması üçün real zamanda PZR cihazı və digər avadanlıqlarla təchiz olunub. Şərti xəstəlik ocağında qısa müddət ərzində quraşdırılan laboratoriyada xüsusi təyinatlı müayinələr aparılıb. Bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları, göbələk, virus və bakteriya xəstəliklərinin müayinələri həyata keçirilib. Müayinələr morfoloji, klassik mikrobioloji və molekulyar səviyyədə aparılıb. Səyyar laboratoriya kifayət qədər nümunənin üzərində sınaqların həyata keçirilməsinə imkan verib. Aparılan müayinələr növündən asılı olaraq, bir neçə dəqiqədən bir neçə saata qədər yekunlaşıb.
Qeyd edək ki, Çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə, rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Bu hal müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Eyni zamanda bu laboratoriya regionlarda aparılan monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarında mövcud olan zərərverici və xəstəliklərin qısa müddətdə aşkarlanmasına imkan yaradır. Belə ki, respublikanın hər hansı ərazisində bitkilərdə karantin tətbiq edilən zərərverici və xəstəliklərin böhran vəziyyəti yaranarsa, bu ərazilərdə monitorinqin aparılması, nümunələrin çöl şəraitində səyyar laboratoriyada diaqnostikası mümkündür. Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riski olduğu halda, qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Bunun üçün laboratoriyada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Onu da bildirək ki, fitosanitar laboratoriyalarda aparılan müayinələr kənd təsərrüfatı məhsulları və ətraf mühiti zərərverici və bitki xəstəliyi törədicilərindən qorumağa kömək edir.
Oxşar xəbərlər
Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb
Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. Monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib. Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb. Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır
Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölçüsü 12–17 mm olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35–100 km məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır. Yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir. Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz: - 1003 - Çağrı Mərkəzi - (+994) 99 708 85 88 (qərb rayonları üzrə) - (+994) 99 308 85 88 (şimal-qərb rayonları üzrə) - Aqrar Xidmətlər Agentliyi: 088-588
Gübrə və pestisidlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflığın və effektiv nəzarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, idxal olunan xammal yalnız istehsal edilən məhsulun tərkibinə uyğun şəkildə istifadə edilməli, hər bir məhsul üzrə tərkib isə açıq və dəqiq formada təqdim olunmalıdır. Bununla yanaşı, xammalın ölkəyə daxil olmasından son məhsulun əldə edilməsinədək bütün istehsal mərhələlərinin izlənilə bilən və müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Sahibkarlara bir daha xatırladılıb ki, ölkəyə idxal edilən bu növ xammalın ayrıca satışına yol verilmir və bu qaydanın pozulması ciddi hüquqi məsuliyyət yaradır. Eyni zamanda qeyd olunub ki, aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında istifadə olunan xammalın idxalı zamanı prosedurların sadələşdirilməsi, operativliyin artırılması və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş