Şərq meyvəyeyəni və onunla mübarizə üsulları
15 Sentyabr 2021 10:57
Şərq meyvəyeyəni (Grapholita molesta (Busck, 1916) meyvəçiliyin inkişafına mane olan təhlükəli həşəratlardandır. Bu zərərverici 80-dən çox meyvə bitkisi, xüsusən də şaftalı və nektarin ağacları üçün ciddi təhlükədir. Şərq meyvəyeyəninin kəpənəkləri tünd boz-qəhvəyi rəngdədir. Ön qanadlarında tüklü eninə zolaq var, arxa qanadlar isə saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapşəkillidir, üzərində nəzərəçarpan nazik halqalar vardır. Dişi fərdlər erkəklərdən bir qədər iridir, qarıncığı isə yoğun və kütdür. Şərq meyvəyeyəninin bədəninin uzunluğu 5,5-7 mm-dir. Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 9-16 mm-dir. Yumurtaları oval formalı, yarımşəffafdır. Birinci yaş mərhələsində olan sürfələr sarımtıl, 4-5-ci yaşda isə qırmızımtıl-çəhrayı rəngdə olur. Sürfələrin uzunluğu 0,9-12 mm-ə çatır. Oval formalı pupu isə qırmızımtıl-qəhvəyi rəngə çalır, uzunluğu 5-7 mm-dir. Zərərverici yumurtalarını tək-tək, əsasən cavan zoğların uc hissəsində yerləşən yarpaqların və meyvələrin tüksüz hamar səthinə və tumurcuq pulcuğuna qoyur. Heyva və alma ağaclarında yumurtalar yarpaqların üst səthinə, meyvələrin yetişmə dövründə isə çiçək altlığına, meyvənin ətrafındakı yarpaqlara qoyulur. Adətən aprel ayının II yarısında puplardan kəpənəklər çıxmağa başlayır və mayın sonunadək uçuş davam edir. Yumurtadan çıxan tırtıllar ağacların cavan zoğlarının içərisinə daxil olur və orada qidalanır. Qışı sonuncu yaş sürfə mərhələsində ağac qabığı altında, yarıq və çatlarda, bağlara tökülmüş bitki qalıqları arasında, torpaq çatlarında, meyvə anbarlarında toxuduqları barama içərisində keçirirlər. Yazda sürfə barama içərisində puplaşır. 25-30 gündən sonra puplardan yeni nəslin kəpənəkləri çıxır.
Şərq meyvəyeyəni şaftalı, ərik, badam, gavalı, göyəm, gilas, yemişan, nektarin, heyva, alma, armud, yapon əzgili və digər ağacların zoğ və budaqlarına zərər verməklə, məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. Həşəratın zərəri qida bitkisinin çeşidindən və mövsümdən asılı olaraq dəyişir. Əgər təktoxumlu şirəli meyvələrdə (şaftalı, nektarin, gavalı, göyəm, ərik və s.) şərq meyvəyeyəninin sürfələri meyvəyə daxil olarkən birbaşa çəyirdəyə doğru irəliləyirsə, heyva, alma, armud, əzgil kimi çoxtoxumlu şirəli meyvələrdə isə bir müddət örtük toxumasının altında qidalandıqdan sonra mərkəzə doğru hərəkət edir. Buna görə də eyni mövsümdə yetişən təktoxumlu və çoxtoxumlu şirəli meyvə bitkilərinə dəyən ziyan müqayisə edildikdə, ikinci qrupda zədələnmə faizi daha yüksək olur. Məsələn, Türkiyənin Qara dəniz bölgəsində gecyetişən şaftalı sortlarında zərərverici tərəfindən zədələnmə 40 %, heyva və yapon əzgilində isə 100 %-ə bərabər olub.
Bağçılığın intensiv inkişafında xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq məqsədilə tətbiq olunan bitki mühafizə tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsi vacibdir. Təəssüf ki, meyvə bağlarının müxtəlif zərərvericilərlə sirayətlənməsi nəinki məhsuldarlığın aşağı düşməsinə, həmçinin istehlak keyfiyyətinin itirilməsinə səbəb olur. Bu baxımdan zədələnmiş zoğların vaxtaşırı budanması və meyvə anbarlarının təmiz saxlanması şərq meyvəyeyəni ilə mübarizədə qabaqlayıcı tədbirlərdəndir. Bağlarda feremonlu tələlərin asılması da səmərəli nəticə verir. Ehtiyac olduqda kimyəvi mübarizə zamanı Omethoate 565 g/l (yığımdan ən azı 21 gün əvvəl), Phosalone 350 g/l (30%) (yığımdan ən azı 14 gün əvvəl) insektisidləri 100 l suya 200 ml qatılmaqla tətbiq edilə bilər.
Meyvə ağaclarına zərərverən həşəratların aşkar edilib, onlara qarşı səmərəli mübarizə tədbirlərinin aparılması məhsuldarlığın artırılması, eləcə də ixracın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyən edilməsi, karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə monitorinqləri davam etdirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Xocalı rayonlarında, Xocavənd rayonunun Hadrut qəsəbəsində, Ağkənd, Güneyçartar, Çiraquz, Tuğ kəndlərində və Qırmızı Bazar ərazisində, Ağdam rayonunun Şıxbabalı, Boyəhmədli, Cinli, Xaçındərbənd, Qızıl Kəngərli kəndlərində, Cəbrayıl rayonunun Daş Veysəlli, Əmirvarlı kəndlərində müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Xocalı rayonunda, Ağdam rayonunun Cinli, Xaçındərbənd, Xocavənd rayonunun Ağkənd, Güneyçartar, Cəbrayıl rayonunun Əmirvarlı, Daş Veysəlli kəndlərində yerləşən nar bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Komstok yastıcası, Xocavənd rayonunun Ağkənd kəndində yerləşən üzüm bağından götürülən nümunələrdə isə karantin tətbiq edilən Asiya giləmeyvə drozofilası aşkarlanıb.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.