“Sitrus tristeza virusu” bitki sağlamlığı üçün böyük təhlükə hesab olunur
28 Fevral 2023 11:46
“Best Supply Company” MMC-nin 2023-cü il 21 fevral tarixində İran İslam Respublikasından idxal etdiyi 19 400 kq portağal məhsuluna Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm – Sitrus tristeza virusu (Citrus tristeza virus) aşkarlanıb. Analoji hallar son aylarda İrandan ölkəmizə idxal edilən bir sıra bitkiçilik məhsullarında da qeydə alınıb.
Aşkar olunmuş bütün hallarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib. Bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib və zəruri tədbirlər həyata keçirilməkdədir.
Qeyd edək ki, Sitrus tristeza virusu (Citrus tristeza virus) fitosanitar baxımından karantin statusuna görə böyük risk daşıyır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir. Virusun əsas sahib bitkiləri sitrus bitkiləridir (naringi, portağal, limon, qreypfrut, laym və s.).
Sözügedən virus sitrus bitkilərinin karantin tətbiq edilən təhlükəli virusu olmaqla bu bitkilərdə əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Sitrus tristeza virusu Asiya mənşəli olub sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb.
Sitrus tristeza virusu bitkilərdə yarpaq ayasının saralmasına, rənginin solğunlaşmasına, damarların şəffaflaşmasına və xloroza, meyvələrdə deformasiyaya, cırlaşmaya və əmtəəlik görünüşünün itirilməsinə səbəb olur. Sirayətlənmiş bitkilərin gövdələrində şişkinliklər, qabığın altında balıq dişi formasında çıxıntılar, xüsusilə turşuluğu çox olan portağal növlərində tumurcuq topasının aşağısında qabarmalar və qabıq üzərində kiçik dəliklərin əmələ gəlməsi müşahidə olunur. Yazda bitkilərin qısa müddətdə solması, yarpaqlarının tökülməsi, cırlaşması və zəifləməsi Sitrus tristeza virusunun ən mühüm simptomlarındandır. Güclü sirayətlənmə zamanı virus bitkinin tamamilə qurumasına səbəb olur.
Beynəlxalq ticarətdə Sitrus tristeza virusunun əsas yayılma yolu əkin materialı və meyvədir. Sahə daxilində virusun yayılmasının başlıca səbəbi sorucu həşəratlar (Toxoptera citricidus, Toxoptera aurantii, Aphis gossypii, Aphis spiraecola, Aphis craccivora, Aphis citricola, Myzus persicae) hesab olunur. Belə ki, virus sirayətlənmiş bitkilərdən sağlam bitkilərə sadalanan mənənə növləri tərəfindən asanlıqla daşınır. Virusun sahib bitkilərində simptomlar müxtəlif olub ətraf mühit şəraitindən asılı olaraq dəyişir. Bəzən virus zəif inkişaf edir və bir çox sitrus növlərinə nəzərə çarpaçaq təsir göstərmir. Sitrus bitkilərindən naringi Sitrus tristeza virusuna qarşı daha dözümlü hesab olunur.
Agentlik tərəfindən ölkəyə idxal olunan qida məhsullarına ciddi nəzarət tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.