“Təlim saatı”nda pomidor bitkisində müşahidə edilən virus və bakterial xəstəliklərdən bəhs olunacaq
20 Fevral 2023 14:59


22 fevral 2023-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda pomidor bitkisində müşahidə olunan virus və bakterial xəstəliklərdən danışılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Analitik Ekspertiza Mərkəzi”nin mütəxəssisi Gülər Bayramovaya ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

İdxal olunan nektarin tinglərində uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.

Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.
