Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub
24 Oktyabr 2022 11:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səfər Nağıyev Ələsgər oğlu tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən Sovzixanov Nurdin Sovzixanoviçə məxsus müəssisədən idxal edilən 67 ton və hüquqi şəxs "Əkinçi -10 2021" MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən Mahmudov Rafael Niyazi oğluna məxsus müəssisədən idxal edilən 20.2 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” - kartof yumrularında halqavari bakterial çürümə, “Clavibacter michiganensis subsp.michiganensis (Smith, Davis et al)” - bakterial xərçəng) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.