Zəngilanda çadır tipli kəsim məntəqəsi və səyyar laboratoriya fəaliyyətə başlayıb
16 Avqust 2022 10:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehlakçıların sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, paytaxt və respublikanın müxtəlif rayonlarında müasir, standartlara cavab verən stasionar kəsim məntəqələrinin yaradılması təşviq edilir, eləcə də stasionar məntəqələr olmayan ərazilərdə çadır tipli kəsim məntəqələri qurulur.
Bu məqsədlə Zəngilan rayonunun Ağalı kəndində çadır tipli heyvan kəsimi məntəqəsi və baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyətə başlayıb. Həmçinin Agentlik əməkdaşları tərəfindən Ağalı kəndində iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçirilib və heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılıb.
Qeyd edək ki, çadır tipli kəsim məntəqəsində heyvanlar baytarlıq nəzarətindən keçməklə və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilərək vətəndaşlara təqdim ediləcək. Bununla yanaşı, məntəqəyə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanların müayinəsi zamanı xəstəliyə şübhə olarsa, nümunələr biotəhlükəsizlik səviyyəli səyyar laboratoriyada analizlərə cəlb olunacaq.
Çadır tipli kəsim məntəqəsi heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
AQTA ilə Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti ilə görüş olub. Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin bitkilərə, o cümlədən meyvə və tərəvəzlərə fitosanitar nəzarət, Özbəkistanın E-phyto sisteminə inteqrasiya təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.