Bakıda COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib
26 İyul 2024 10:32
Cari ilin noyabrında Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium keçirilib.
Simpoziumda COP29 sədrliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, müvafiq nazirliklər, universitetlər, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər və BMT agentliklərinin məsul şəxsləri və texniki ekspertləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev bildirib ki, Agentlik olaraq, məqsədimiz Vahid Sağlamlıq konsepsiyası çərçivəsində ictimai sağlamlıq üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan problemlərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etmək üçün bu yanaşmanın milli səviyyədə icrasına təkan vermək, digər əlaqəli qurumları bu mühim məsələnin icrası üçün qarşılıqlı fəaliyyətə dəvət etmək və bu aktual fəaliyyətin bir parçasına çevrilməkdir. Sədr müavini simpoziumun təşkil edilməsinin ölkəmizdə Vahid Sağlamlıq konsepsiyasının aktuallaşması və antimikrob preparatlara davamlılıq ilə mübarizəyə veriləcək töhfə baxımından əhəmiyyətli bir hal kimi qiymətləndirib. Qeyd olunub ki, artıq Agentlik tərəfindən cari ilin 19 noyabr tarixində, COP29 tədbiri üzrə proqrama daxil edilən “Ərzaq, Kənd təsərrüfatı və Su” günü çərçivəsində həm mavi zonada, həm də yaşıl zonada “Vahid Sağlamlıq” yanaşmasına həsr olunmuş konfransın keçirilməsi təklif edilib və bununla bağlı müvafiq rəsmi müraciətlər ünvanlanıb.
Simpozium potensial təhlükələri azaldan, iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldıran və bütün sektorlarda davamlılığı təşviq edən davamlı strategiyaların işlənib hazırlanması üçün hərtərəfli çərçivə sənədini təklif edib. Tədbirdə COP29 üçün nəzərdə tutulan müzakirələr və məqsədlərə uyğun olaraq, iqlim dəyişikliyi ilə mübarizə üçün inteqrasiya olunmuş sağlamlıq və ətraf mühit siyasətlərinə ehtiyac olması vurğulanıb. İştirakçılar sektorlararası əməkdaşlığın təşviqi, yerli və qlobal səviyyələrdə Vahid Sağlamlıq prinsiplərinin həyata keçirilməsi üçün effektiv strategiyaların işlənib hazırlanmasına yönəlmiş müzakirələrdə iştirak ediblər. Son onillikdə əhəmiyyətli dərəcədə rolu böyüyən Vahid Sağlamlıq yanaşması insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini vurğulayır. Bu inteqrasiya olunmuş strategiya iqlim dəyişikliyi, zoonoz xəstəliklər və ətraf mühitin deqradasiyası nəticəsində yaranan çoxşaxəli problemlərin həlli üçün vacibdir.
Vahid Sağlamlıq əvvəlki COP tədbirlərində də əsas müzakirə mövzusu olub. COP27-də “Ətraf Mühitin Vahid Sağlamlığa inteqrasiya edilməsi” adlı yanaşı tədbir insanların və heyvanların rifahının təmin edilməsində ətraf mühitin sağlamlığının mühüm rolunu vurğulayıb. Xüsusilə iqlim dəyişikliyi kontekstində ekoloji mülahizələrin Vahid Sağlamlıq fəaliyyətlərinə inteqrasiyası üçün strategiyalar müzakirə edilib. COP28 zamanı ətraf mühitin sağlamlığının Vahid Sağlamlıq yanaşmasına daxil edilməsinin vacibliyini vurğulayan Vahid Sağlamlıq Birgə Fəaliyyət Planı təqdim olunub. Bu plan, Vahid Sağlamlığın iqlim dəyişikliyinin çoxşaxəli təsirlərinin aradan qaldırılmasında mühüm roluna diqqət çəkərək beynəlxalq iqlim və sağlamlıq siyasəti dialoqlarında onun əhəmiyyətini gücləndirib. Tədbir müzakirələrlə davam etdirilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş