40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkarlanıb
12 Sentyabr 2019 17:12
Mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin birgə iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşən əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxlərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
Toplanmış materiallardan müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.
Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.
Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfəli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alıbəy Rzaxanova göndərilməsini təşkil edib.
Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.
Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş