Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
17 Noyabr 2026 10:00
Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq.
Monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq.
Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək.
Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Oxşar xəbərlər
AQTA əməkdaşları üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təlimlər təşkil olunub. Təlimlər “İş mühitində stresin rolu və onunla mübarizə yolları” və “Yazılı ünsiyyət və netiket qaydaları” mövzularını əhatə edib. Təlimlər zamanı iş prosesində stresin idarə olunması, onunla mübarizə üsulları, effektiv yazılı ünsiyyətin qurulması, eləcə də elektron yazışmalarda etik davranış və netiket qaydaları barədə ətraflı məlumat verilib.
AQTİ-də müxtəlif qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən müxtəlif qida subyektlərinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub. AQTİ-də keçirilən təlim zamanı iştirakçılara HACCP-nin düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb, praktiki tapşırıqlar icra ediblər.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş