AQTA əməkdaşları “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb
16 Dekabr 2019 10:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-ya “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (bundan sonra - BFMQƏ) ölkəyə idxalı ilə bağlı 09.09.2019-cu il tarixində daxil olan müraciət əsasında sözügedən məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün Agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib.
Lakin 19.11.2019-cu il tarixində “Foden” nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı “Foden” əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.
Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, Agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin “İstifadə qaydası və dozası” bəndində “14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə” ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında “0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı” ifadəsi əks olunub. Eləcə də, “Əks göstərişlər” bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na əsasən isə bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir.
BFMQƏ-nin yüksək riskli məhsullar qrupuna aid edildiyini, eləcə də sözügedən məhsulun 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu və bu baxımdan məhsulun tərkibindəki komponentlərin 0-1 yaşından 14 yaşınadək uşaqların həyat və sağlamlığına ciddi təhlükə yarada biləcəyini nəzərə alaraq, Türkiyənin “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkəti tərəfindən istehsal olunan və “İnvest-Plus” MMC şirkəti tərəfindən idxal olunan “Foden” əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Eyni zamanda həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “İnvest – Plus” MMC-yə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Qanununun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilmişdir.
Əlavə olaraq, bu kimi məhsulların ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması məqsədilə həmin məhsulların satışı ilə məşğul olan subyektlər məhsula dair qida təhlükəsizliyi sertifikatını mütləq qaydada tələb etməli, o cümlədən sertifikatın saxtalaşdırılması və ya içlik təlimatların və qablaşdırma materiallarının dəyişdirilməsi ilə bağlı şübhəli hallarda Agentliyə məlumat verməlidir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş